"Enerji böhranını aradan qaldırmaq üçün Avropa ölkələri bərpa olunan enerji mənbələrinə daha çox investisiya yatırmalıdır", bunu almaniyalı politoloq, Dunay Regionu və Mərkəzi Avropa İnstitutunun direktoru Sebastyan Şeffer (Sebastian Schäffer) deyib.
Onun sözlərinə görə, enerji daşıyıcılarının tədarükü ilə bağlı gərginlik hələ bitməyib: volatillik hələ uzun müddət davam edə bilər və çox güman ki, son istehlakçı üçün qiymət ucuzlaşmayacaq.
"Yanvarın əvvəlində müşahidə olunan qeyri-adi isti hava şəraiti, eləcə də Avropa hökumətlərinin qiymətləri sabitləşdirmək üçün ayırdığı müxtəlif subsidiyalar mövcud vəziyyətin yumşaldılmasını şərtləndirən amillərdir”, - Sebastyan Şeffer bildirib.
Bununla belə, politoloq bu iki amilin sonsuza qədər davam edə bilməyəcəyini vurğulayıb.
“Bir asılılığı digəri ilə əvəz etməmək üçün effektiv ortamüddətli tədbirlərin əsas məqsədi şaxələndirmə və davamlılığın təmin edilməsi olmalıdır”, - o deyib.
"Ümid etmək olar ki, bu, enerji keçidini daha da ləngitməyəcək və Avropa ölkələri bundan düzgün nəticə çıxaracaq", - Şeffer əlavə edib.
Almaniyanın maliyyə nazirinin ölkənin artıq Rusiyanın enerji daşıyıcılarından asılı olmadığı ilə bağlı son açıqlamasına münasibət bildirən politoloq hadisələrin bu cür gedişatından təəccübləndiyini bildirib.
Ekspertin fikrincə, ikinci böyük sürpriz keçidin bu qədər tez həyata keçirilməsi ilə bağlıdır.
“Təsəvvür edin, bir neçə il əvvəl real alternativ mənbələrə eyni ambisiya ilə yanaşılsaydı, nələrə nail olmaq mümkün olardı”, - Sebastyan Şeffer fikrini yekunlaşdırıb.
https://report.az/energetika/ekspert-avropada-enerji-bohranini-aradan-qaldirmaq-ucun-berpa-olunan-enerjiye-investisiya-yatirilmalidir/