XƏBƏRLƏR

TAP qaz kəmərinin genişləndirilməsi üzrə işlərin birinci mərhələsinə başlanılıb

YANVAR 30, 2023

Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) maraqlı olan şirkətlərin təkliflərinin birinci mərhələsinin nəticələrini yekunlaşdırdıqdan sonra qaz kəmərinin genişləndirilməsi üzrə işlərə başlandığını elan edib.

2021-ci ildə keçirilən bazar sınaqları çərçivəsində təkliflərin birinci mərhələsi başa çatdıqdan sonra, 2026-cı ildən qüvvədə olacaq uzunmüddətli müqavilələr üzrə TAP-ın ötürmə gücünün ildə 1,2 milyard kubmetr genişləndirilməsi planlaşdırılır.

Bildirilir ki, TAP-ın ötürmə gücü mərhələlərlə artırıla bilər və nəticədə iki dəfə artaraq illik ən azı 20 milyard kubmetrə çata bilər.

Həmçinin, şirkət qeyd edir ki, bazar sınaq təkliflərinin ikinci mərhələsi 2023-cü il ərzində həyata keçiriləcək və maraqlı tərəflər öz təkliflərini təqdim edə bilərlər. Bu müntəzəm açıq mövsümlər bazar tələblərini tədricən sınaqdan keçirmək üçün qurulduğundan, TAP 2027-ci ilə qədər boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmağı hədəfləyir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (19 %), "Enagas" (16 %) və "Axpo" (5 %) şirkətləri çıxış edir.