“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün karbohidrogen tədarükü üzrə olduğu kimi “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşa çevriləcək”.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Aİ-nin öz enerji təhlükəsiliyinin təmin olunmasında ölkəmizə verdiyi önəmin bariz nümunəsidir: “Reqiondakı qeosiyasi vəziyyətin gərginləşməsi fonunda enerji təhlükəsizliyi məsələsi Aİ üçün heç zaman olmadığı qədər aktuallıq qazandı. Avropa qısa zamanda Rusiya qazından asılığını minimuma endirməyi hədəf olaraq qarşısına qoydu. Bunun üçün digər mənbələrdən qaz almaq lazım idi və Avropaya qaz tədarük edən ölkələrdən biri kimi Azərbaycan bu prosesdən kənarda qala bilməzdi. Artıq 2023-cü ildə ölkəmiz Avropa İttifaqına ən azı 11,6 milyard kubmetr təbii qaz tədarük etməyi hədəfləyir. Ötən il bu rəqəm 11,3 milyard kubmetr, 2021-ci ildə isə cəmi 8,2 milyard kubmetr olub. Göründüyü kimi tədarük həcmlərinin artımı istiqamətində sabit tendensiya formalaşıb”.
Ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycandan Avropaya həm də “yaşıl enerji” körpüsü salınmaqdadır.
“Ölkəmiz bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdan çoxdur. Şimal dənizindən sonra Xəzər dənizi külək enerjisi potensialına görə ikincidir. Onun Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir. Bu potensialın reallaşdırılması istiqamətində artıq əməli addımlar atılmaqdadır. Belə ki, 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının və 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməli qoyulub. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Bunun 80 %-nin ixraca gedəcəyi gözlənilir", - A.Həsənli bildirib.
Ekspert xatırladıb ki, ölkədə həyata keçirilən investisiya layihələri Azərbaycana əlavə 700 meqavatdan çox təmiz "yaşıl enerji" verəcək: "Bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in mühüm əhəmiyyəti var. Bu tərəfdaşlıq Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında bu günə kimi oynadığı rolun keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək”.
https://report.az/energetika/ekspert-azerbaycan-avropa-ucun-hem-de-yasil-enerji-tedaruku-uzre-etibarli-terefdas-olacaq/