Bu gün Azərbaycan paytaxtı Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC)) üzrə Məşvərət Şurasının 9-cu iclası regionun çoxlu sayda yüksək vəzifəli rəsmisini bir araya gətirib. Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi ilə açdığı tədbirdə həmçinin Rumıniya Prezidenti Klaus Yohannis, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson, eləcə də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman çıxış ediblər.
Məşvərət Şurasının iclası ərəfəsində “Report” Laura Loxmandan eksklüziv müsahibə alıb. Müsahibə zamanı Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə münasibətdən, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıqdan və gələcək planlardan bəhs edib.
- Səfəriniz zamanı bir neçə görüş keçirmisiniz. Hansı danışıqlarınız olub, indiyədək hər hansı razılıq əldə olunubmu?
- Bu gün səhər Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Azərbaycanın regionun, daha böyük miqyasda isə Avropanın enerji təhlükəsizliyində buna qədər və hazırda oynadığı son dərəcə mühüm roldan danışdıq. Bərpa olunan enerji mənbələrinin və enerji keçidinin oynayacağı rol, eləcə də külək və günəşdən və potensial olaraq hidrogendən təkcə daxili bazar üçün deyil, həm də elektrik enerjisi və ya boru kəmərləri şəklində Avropaya ixrac oluna və onun daha geniş enerji təhlükəsizliyinə töhfə verə bilən resurslar haqqında müzakirələr apardıq.
- Bəs nazirlər səviyyəsində görüşlər?
- Energetika naziri və onun komandası ilə səmərəli müzakirələr apardıq, burada, ölkədə bəzi resursların işlənilməsi və maraqlı planlar, o cümlədən bərpa olunan enerji mənbələri barədə ətraflı danışdıq.
Azərbaycanda külək enerjisi üçün böyük potensial mövcuddur ki, bu da ölkə daxilində istifadə oluna bilər və müəyyən şərtlər daxilində təbii qazdan istifadəni qismən əvəz edə bilər, eyni zamanda ixrac oluna bilər. İndi Azərbaycandan elektrik enerjisini Gürcüstan vasitəsilə Qara dənizə çatdırmaq və Avropa ilə birləşmək və enerji təhlükəsizliyini yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi hədəflərinə doğru irəliləyiş etmək təklifi var.
- Enerji təhlükəsizliyini qeyd etdiniz. Mövcud enerji böhranını nəzərə alsaq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə görürsünüz? Bunda Cənub Qaz Dəhlizinin rolu nədən ibarətdir?
- Avropa qitəsi hazırda enerji böhranı yaşayır və bu, Rusiyanın Ukraynaya qarşı tamamilə qanunsuz və əsassız müharibəsi ilə təhrik edilib. Buna görə də Avropa ölkələri Rusiya tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün çox çalışırlar, çünki bunlar açıq-aydın etibarsız mənbələrdir. Həm də hamımız enerji mənbələrimizi şaxələndirməliyik. Cənub Qaz Dəhlizi tarixən mühüm rol oynayıb, o, dövlət və özəl sektoru bir araya gətirən böyük layihə olub və indi biz onun faydaları ilə yanaşı, uğurlarını da görürük və onun gələcəkdə daha da genişlənəcəyinə ümid edirik.
- Bildiyiniz kimi, SGC layihəsinin icrası maliyyə problemləri və bəzi tərəflərin siyasi dəstəyinin olmaması, hətta layihəyə qarşı çıxması səbəbindən bir qədər ləngidi. ABŞ SGC-nin genişlənməsinə siyasi və ya maliyyə dəstəyi göstərmək istəyirmi?
- ABŞ əvvəldən Cənub Qaz Dəhlizinin reallaşdırılması təklifini çox dəstəkləyib. Hamımız ətraf mühiti daha az çirkləndirən yeni enerji mənbələrinə keçidin çox vacib olduğunu başa düşürük, amma eyni zamanda onu da anlayırıq ki, növbəti bir neçə il ərzində əvvəlki mənbələri, o cümlədən təbii qaz hazırkı enerji təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb etməyə davam edəcək. Buna görə də uğurlu olduğunu sübut edən mövcud infrastrukturdan - Cənub Qaz Dəhlizindən daha geniş istifadəni görmək yaxşı olardı.
- Sizcə, genişləndirilmiş SGC üçün əsas təbii qaz mənbələri hansı olacaq? Türkmənistan, İsrail, Misir, yaxud hansısa digər ölkələr?
- Hazırda, proqnozlara görə, əsas mənbə Azərbaycan olacaq. Azərbaycan Prezidenti və energetika naziri ilə görüşlərimiz bu ölkədə təbii qaz ehtiyatlarının işlənməsi üzrə həyata keçirilən layihələr haqqında danışdıq.
Bəli, ola bilər ki, regionun digər ölkələrindən, məsələn qeyd etdiyiniz Türkmənistandan təbii qaz Cənub Qaz Dəhlizinə cəlb olunsun. Bu həcmləri nəql etmək üçün əvvəlcə Cənub Qaz Dəhlizinin infrastrukturu genişləndirilməlidir. Vəziyyətə baxacağıq. Bundan başqa, digər regionlar da var. Məsələn, qeyd etdiyiniz kimi Aralıq dənizinin şərq hissəsində, İsraildə, Misirdə, potensial olaraq Kiprdə və Yunanıstanda layihələr həyata keçirilir. Onlar da öz tədarüklərini genişləndirirlər ki, bu da Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
- Türkmənistan nəhəng təbii qaz ehtiyatlarına malikdir, lakin hələ də qazı yalnız öz sərhədinədək tədarük edir. Azərbaycan Türkmənistan qazının Aİ-yə gələcəkdə nəqlinə töhvə verə bilərmi?
- Bildiyim qədərilə Azərbaycan və Türkmənistan, eləcə də Türkiyə arasında müzakirələr aparılır, o cümlədən üç dövlətin başçılarının dekabrın 14-də keçirilmiş sammitində bu məsələ müzakirə olunub. Buna görə də bu planların həyata keçirilməsi üçün hərəkətverici qüvvə məhz qeyd olunan dövlətlər olacaq.
Bizim yanaşmamız baxımından bu da məntiqli olardı. Türkmənistanda təbii qazdan çox istifadə olunur və əgər bu qaz həcmlərinn nəqli mümkün olsaydı, atmosferə metan qazı tullantılarının atılması azalar, regionun enerji təhlükəsizliyini yüksəltmək üçün tədarük həcmləri artardı.
- ABŞ və ya onun şirkətləri Azərbaycanın bərpa olunan enerji layihələrində və ölkənin tamamilə “yaşıllaşmaq” səylərində rol oynaya bilər?
- Əvvəla, mən Azərbaycanın bu istiqamətdə səylərini bir daha alqışlamaq istərdim. Hesab edirəm ki, hökumət, eləcə də yerli şirkətlər bərpa olunan enerjiyə sərmayə qoymaq istiqaməti tutub. Bu baxımdan, uzaqgörənlik və strateji baxış heyranlıq doğurur. ABŞ şirkətləri bu resurslardan istifadəni reallaşdırmaq üçün çox inkişaf etmiş texnologiyalara və strategiyalara malikdir ki, Qafqazın və Xəzər regionunun inkişaf etdirilməsində onlardan istifadə oluna bilər.
- Bəs siz bu şirkətlər tərəfindən maraq görürsünüzmü?
- Hesab edirəm ki, həm Avropa, həm Amerika, həm də Yaxın Şərq şirkətləri investisiya yatırılmasına maraq göstərir. Onlar əmin oldu ki, burada yaxşı investisiya və biznes mühiti var. Ölkə strateji cəhətdən əhəmiyyətli mövqeyə malikdir. Məncə, siz bərpa olunan enerji sektoruna əhəmiyyətli sərmayələrin yatırılmasının şahidi olacaqsınız.
- Külək və günəşin potensialından istifadə etməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması imkanlarını necə görürsünüz? ABŞ-dan bununla bağlı hər hansı dəstək gözləyə bilərikmi?
- Görüşümüz zamanı Prezident dedi ki, dənizdə külək enerjisinin potensialı nəhəngdir və 157 qiqavat təşkil edir. Buna quruda külək enerjisinin potensialı, o cümlədən azad edilmiş ərazilərin əhəmiyyətli külək potensialını əlavə etsəniz, demək olar ki, qeyri-məhdud potensialınız var. Bu da investorlar üçün çox cəlbedicidir.
- Sizcə, ABŞ bu planlarla bağlı Azərbaycanı dəstəkləməkdə maraqlı olardımı?
- Bəli, ABŞ hökumətinin nöqteyi-nəzərindən, biz tam razıyıq ki, bu resurslar nəhayət qalıq yanacaqları əvəz etmək və iqlim dəyişikliyi ilə bağlı məqsədlərimizə nail olmaq üçün maksimum səviyyədə inkişaf etdirilməlidir. Buna görə də Azərbaycanı çox dəstəkləyirik.
- Azərbaycan və ABŞ enerji sektorunda uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Ümumiyyətlə, bu tərəfdaşlığı necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bizim şirkətlər vasitəsilə ciddi əməkdaşlıq həyata keçirilib. Bu, belə də olmalıdır, çünki texnologiya istehsalçıları və layihə icraçıları var. Bundan sonra ABŞ hökuməti, maliyyə agentlikləri də bəzən onları dəstəkləyə bilər. Odur ki, bu məsələ hər zaman potensiala malikdir. Buraya xüsusən də bərpa olunan enerji layihələri daxildir. Daha sonra biz Avropa mənbələrini və beynəlxalq maliyyə institutlarının digər maliyyə mənbələrini də nəzərdən keçiririk. Biz hamımız həyata keçirilməsi mümkün olan kommersiya və bərpa olunan enerji layihələrini dəstəkləməyə sadiqik.
- Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasla bağlı gözləntiləriniz nədir?
- İlk öncə qeyd etmək istərdim ki, onların yeni “yaşıl dəhliz” ideyasını əlavə etməsi çox təqdirəlayiq haldır. Buna görə də şura üzvlərinin bu məsələni necə həyata keçirəcəkləri barədə fikirlərini eşitmək çox maraqlı olacaq. Potensial olaraq, bu, boru kəmərində hidrogen qarışığının miqdarının artması ilə əlaqədar ola bilər. Bəzən boru kəmərindəki təbii qazla birlikdə hidrogenin miqdarını təxminən 10 %-ə çatdırmaq mümkündür. Bilirəm ki, başqa ideyalar da olacaq və buna görə də onları eşitmək üçün səbirsizlənirik.
- Bəs əsas müzakirə mövzusu nə olacaq? Bu, boru kəmərinin genişləndirilməsi ilə bağlı olacaq?
- Biz boru kəmərinin genişləndirilməsindən də danışacağıq və bu məsələ tələbatdan asılıdır. Buna görə də indiki məqamda başa düşürəm ki, onlar əlavə təbii qaza olan tələbatın nə qədər böyük olduğunu nəzərə alırlar. Daha sonra biz bu tələbatı ödəmək üçün planlar hazırlayacağıq.
- Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bu yaxınlarda bildirmişdi ki, Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq edərək Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi verməyi planlaşdırır. ABŞ bu istiqamətdə oxşar addım atmağı planlaşdırırmı?
- ABŞ-ın da bu layihələrdən bəzilərini dəstəkləyə biləcək. Avropa maliyyə institutu olan EBRD-də payı var. Biz hamımız bərpa olunan enerjiyə keçidi stimullaşdırmağa və dəstəkləməyə çalışırıq.
https://report.az/energetika/laura-loxman-azerbaycanin-berpa-olunan-enerji-sahesinde-seylerini-alqislayiram/