XƏBƏRLƏR

"Yaşıl enerji"nin Avropaya ötürülməsi üçün infrastruktur qurulmalıdır

FEVRAL 04, 2023

Azərbaycan Avropanın bərpaolunan enerji ilə təchiz edilməsi üçün müvafiq infrastruktur imkanlarının artırılması istiqamətində digər tərəfdaşlarla iri həcmli layihələrin astanasındadır.

İqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın enerji potensialının Avropa üçün əhəmiyyətindən danışıb: “Ölkə başçımızın də qeyd etdiyi kimi, Azərbaycanda hasıl olunmuş təbii qaz həm ölkənin, həm də Avropanın enerji təhlükəsizliyində yüz illər boyunca rol oynaya biləcək. Azərbaycanın 2,6 trilyon kubmetr qaz ehtiyatı və bu ehtiyatı Avropaya çatdıracaq 3 500 kilometr uzunluğunda bir dəhliz var. Bu dəhliz Avropanın, əsasən də Cənub-Şərqi Avropa ölkələrini enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Rusiya-Ukrayna müharibəsindən sonra ölkə başçımıza müraciət edərək Azərbaycan qazından yararlanmaq istədiyini bildirən ölkələrin sayı olduqca artdı. Təkcə ötən il bu barədə 10-dan artıq müraciət olunub. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) italiyaya qədər uzanması Yunanıstan sərhəddində olan ölkələrin, o cümlədən Bolqarıstan, Serbiya, Macarıstan və Ruminiyanın Azərbaycanın enerji resurslarına tələbatını açıq şəkildə ifadə edir”.

Ekspert bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında təkcə ənənəvi enerji resursları deyil, alternativ enerji resursları ilə də bağlı müəyən perspektivlərin müzakirə edildiyini vurğulayıb:

“Bunlardan biri hidrogen enerjisi ilə bağlıdır. Cənub Qaz Dəhlizi (SGC) ilə Azərbaycanda istehsal olunacaq hidrogen enerjisinin də ötürülməsi mümkündür. Düzdür, bunun ötürülməsi üçün TAP üzərində müəyyən işlərə ehtiyac var. Çünki hidrogen enerjisinin digər enerji növlərindən böyük üstünlüyü var. Bu üstünlük odur ki, digər alternativ enerji resursları təbiət hadisəsindən asılıdır. Amma hidrogen enerjisi təbiət hadisələrindən birbaşa asılı deyil. Hazırda hidrogen enerjisinin SGC ilə ötürülməsi üçün müəyyən işlər görülməlidir.

Digər tərəfdən, Buxarestdə Azərbaycanın Gürcüstan,Ruminiya və Macarıstanla birgə imzaladığı Anlaşma Memorandumu var. Bu memoranduma əsasən Azərbaycanda istehsal olunacaq alternativ enerji resurslarından əldə olunmuş elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya nəql olunacaq. Qara dənizini dibi ilə çəkiləcək xətt Xəzərdə, işğaldan azad olunan ərazilərimizdə və digər bölgələrimizdə istehsal olunacaq elektrik enerjisini Avropaya ötürəcək”.

Ekspert xatırladıb ki, Azərbaycan alternativ enerji mənbələri üzrə 200 geqavatdan artıq bir potensiala malikdir: "Bu enerjinin ötürülməsi üçün infrastruktur qurulmalıdır”.

https://report.az/energetika/ekspert-azerbaycandan-yasil-enerjinin-avropaya-oturulmesi-ucun-infrastruktur-qurulmalidir/