XƏBƏRLƏR

Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası müəyyənləşib.

FEVRAL 08, 2023

Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası müəyyənləşib. Bu “Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Belə ki, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Bildirilir ki, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə yeni maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.

Qoşulma nöqtəsi tikinti obyektlərinə (enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri istisna olmaqla) ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə (yarımstansiya və ya elektrik verilişi xətti) qoşulur. Başqa istehlakçının mülkiyyətində olan transformator məntəqəsində, elektrik xəttində və paylayıcı lövhədə olan qoşulma nöqtəsi yeni abonentlə həmin mülkiyyətçi arasında razılaşdırılmalıdır. Qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər texniki şərti verən müəssisə tərəfindən onun öz hesabına yerinə yetirilir (elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması halı istisna olmaqla). Elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması zamanı qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi müvafiq elektrik enerjisi paylayıcısının vəsaiti hesabına həyata keçirilir.

Yeni əlavə olunmuş maddənin dördüncü və beşinci hissələri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə mövcud və ya inşa ediləcək tikinti obyektlərinə aid olunur. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması bu maddənin beşinci hissəsinə uyğun olaraq həyata keçirilir.

https://report.az/energetika/azerbaycanda-tikinti-obyektlerinin-elektrik-sebekesine-qosulma-qaydasi-deyisib/