BP şirkəti bu il Xəzərin Azərbaycan sektorunda heç bir dəniz platformasında işlərin dayandırılmasını nəzərdə tutmur, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, keçən il aparılan dayanma işləri çox uğurlu olub: “Bu səbəbdən də bu il hər hansı işlərin dayandırılması planlaşdırılmır”.
Xatırladaq ki, ötən ilin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.
2022-ci ilin avqust ayında "Şahdəniz"in illik iş proqramının bir hissəsi olaraq "Şahdəniz Alfa" platformasında və Səngəçal terminalındakı "Şahdəniz 1" qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən "Şahdəniz Alfa" platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.
2022-ci ildə "Şahdəniz Alfa" platformasında quyularda bir sıra işlər aparılmış, planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmiş, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.
Platformalar təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqramlar tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
https://report.az/energetika/bp-bu-il-deniz-platformalarinda-islerin-dayandirilmasini-planlasdirmir/