Avropa Birliyi Enerji Üçün (EU4Energy) proqramı çərçivəsində "Azəristiliktəchizat" ASC-yə texniki yardım göstəriləcək və təcrübə mübadiləsinin istilik enerjisi sektorunun optimallaşdırılması və şirkətin idarəetmə və texnoloji infrastrukturunun müasirləşdirilməsi vasitəsi ilə xidmət keyfiyyətinin yüksəldilməsi planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində istilik enerjisi ilə bağlı sektor strategiyasının və qanun layihəsinin, şirkətin yeni korporativ strateji planının hazırlanması gözlənilir.
Bu imkanlar "Azəristiliktəchizat" ASC-nin rəhbərliyi ilə Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) nümayəndələri arasında keçirilən işgüzar görüşdə müzakirə edilib. Görüşdə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və digər rəhbər heyət iştirak etmişdir.
Müzakirələr "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliləşdirilməsi və gücləndirilməsi üçün aparılan islahatların dəstəklənməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində aparılıb.
İ.Mirzəliyev qonaqlara şirkətin fəaliyyəti, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Vurğulanıb ki, hazırda davam edən istilik mövsümündə “Azəristiliktəchizat” ASC-nin 564 qazanxanası istismar olunmaqla 184 mindən artıq mənzil və 3 000-ə yaxın büdcədən maliyyələşən və digər təsərrüfat subyektləri istiliklə təchiz olunur və Cəmiyyətin xidmət dairəsi Bakı şəhərindən əlavə respublikanın 44 şəhər və rayonunu əhatə edir.
Avropa Enerji Tənzimləyiciləri Şurasının nümayəndələrinə Azərbaycanda energetika sahəsində həyata keçirilən islahatlar və müasirləşdirmə tədbirlər barədə geniş məlumat verilib.
CEER-in nümayəndələri “Azəristiliktəchizat”da həyata keçirilən istalahları dəstəklədiklərini və şirkət ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
https://report.az/energetika/ceer-azerbaycana-istilik-enerjisi-ile-bagli-strategiyanin-hazirlanmasina-texniki-yardim-gosterecek/