2023-cü ildə alternativ qaz tədarükçüləri tərəfindən Avropaya "mavi yanacaq" ixracı Azərbaycanın sayəsində artacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd edilir.
Bildirilir ki, bu il ərzində Avropa ölkələrində qaz istehlakı 122 milyard kubmetr həcmində planlaşdırılır ki, bu da 2022-ci ildəki göstəricidən 1 milyard kubmetr çoxdur.
"Norveçin Avropa bazarına ixrac edəcəyi təbii qazın həcmi ötən ilki səviyyədə qalacaq. Bu il Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya Azərbaycan təbii qazının tədarükü 2022-ci ildəki həcmlərlə müqayisədə 1 milyard kubmetrdən çox olmayacaq. Əlcəzairdən, Cənub Berkine hövzəsində qaz yataqlarının işlənməsi nəticəsində məhdud həcmdə artım gözlənilir.", - hesabatda qeyd edilir.
IEA bildirir ki, Rusiyanın Avropa İttifaqına qaz nəqli 2023-cü ildə təxminən 35 milyard kubmetr azalaraq cəmi 25 milyard kubmetrə enəcək. Bu, “Türk axını” və Ukrayna vasitəsilə təbii qaz axınının 2022-ci ilin dekabrında müşahidə olunan orta axın sürətində davam edəcəyini nəzərdə tutur.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
https://report.az/energetika/iea-bu-il-avropaya-qaz-neqlinin-artimi-azerbaycan-hesabina-planlasdirilir/