XƏBƏRLƏR

"Azəristiliktəchizat" kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiya ediləcək

FEVRAL 22, 2023

"Azəristiliktəchizat" ASC kommunal xidmətlər ilə bağlı vahid Çağrı Mərkəzinə inteqrasiya ediləcək.

"Bu, istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır", - məlumatda deyilir.

Çağrı Mərkəzinin faəliyyətinin təşkili tədbirləri çərçivəsində "Azəristiliktəchizat" və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında görüş keçirilib.

"Azəristiliktəchizat" ASC-nin rəhbər heyəti, energetika nazirinin müşaviri Vüsal Rəcəbli və Dövlət Agentliyinin əmək münasibətlərinin monitorinqi Mərkəzinin şöbə müdiri-sədrin müşavir Adil Qasımovun iştirakı ilə keçirilən görüşdə Vahid Çağrı Mərkəzinin yaradılması istiqamətində görülən işlər və birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Vahid Çağrı Mərkəzinin formalaşdırılmasına dair Energetika Nazirliyi tərəfindən hazırlanan konsepsiya barədə məlumat verilərkən bildirilib ki, Çağrı Mərkəzinin formalaşdırılması Dövlət Agentliyinin mövcud təcrübəsi əsasında təklif olunub. Diqqətə çatdırılıb ki, Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, şirkətin resurslarından daha səmərəli istifadə, müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir. Çağrı Mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt vasitəsi ilə cavablandırılması kimi xidmətlər daxildir. Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi imkanları da mövcuddur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli 185 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 9.4-cü bəndi əsasında Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması tapşırığı verilib.

https://report.az/energetika/azeristiliktechizat-kommunal-xidmetlerle-bagli-vahid-cagri-merkezine-inteqrasiya-edilecek/