Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti hidrogen nəqli potensialını və bununla əlaqədar mövzuları araşdırır.
Bu barədə Trend-ə özəl müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib. "Hesab edirik ki, aşkar texniki məhdudiyyətlər yaxın gələcəkdə ən azından qarışıq qazların nəqli üçün yetərli olan müəyyən səviyyəyədək aradan qaldırılacaq", - icraçı direktor deyib.
Bundan başqa, o, hidrogen nəqlinin real perspektivlərinin bu məhsulun bazarından asılı olduğunu bildirib.
"Bizim boru kəmərimizlə nəql hidrogen iqtisadiyyatı adlanan çox mürəkkəb bir məsələnin yalnız kiçik bir hissəsini təşkil edir. IGB-nin hidrogen nəql etməsi üçün infrastrukturun ən azı bir neçə operatoru ilə uzlaşma olmalıdır. Real prosesi təmin etmək üçün qonşu operatorlar da müəyyən təyinat nöqtəsinə və oradan hidrogen nəqlinə hazır olmalıdırlar. Əminəm ki, hidrogen bazarı daha nəzərəçarpan səviyyədə inkişaf etdikcə biz də hidrogen nəqlinə hazır olacağıq", - o deyib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci ildən kommersiya məqsədilə tədarükə başlayıb.
Cari istilik mövsümünün əvvəlindən interkonnektor Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və məişət istehlakçıları üçün qiymətlərin optimallaşdırılmasının ilkin şərtidir.
Layihənin əsasını Azərbaycanla müqavilə üzrə ildə 1 milyard kubmetr tədarük təşkil etsə də, IGB digər yükgöndərənlər tərəfindən də ayrılmış uzunmüddətli enerji nəqlinə malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir.
Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
https://az.trend.az/business/energy/3716194.html