Azərbaycanın iri neft və təbii qaz hasilatçıları - Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Əlcəzairlə enerji sektorunda əməkdaşlığı bu ölkələrə beynəlxalq enerji bazarına ciddi təsir göstərməyə imkan verir.
Bu barədə “Report”a açıqlamasında siyasi məsləhətçi və tədqiqatçı Basel Hac Casem bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə ərəb ölkələri arasında yaxşı münasibətlər mövcuddur: “Bu, həm də bu ölkələrdəki azərbaycanlı diplomatların fəal fəaliyyəti, ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin canlanmasına yönəlmiş səylərlə bağlıdır”.
O, Azərbaycanla BƏƏ arasında əlaqələrə xüsusi diqqət çəkib: “Azərbaycanın Fars körfəz ölkələri ilə ticarət dövriyyəsinin 70 %-dən çoxu məhz BƏƏ-nin payına düşür”.
Ekspertin fikrincə, BƏƏ təkcə enerji sektorunda deyil, həm də bir çox sahələrdə Azərbaycanın mühüm ticari tərəfdaşıdır: “Son illərdə BƏƏ-nin Azərbaycana energetika, nəqliyyat, metallurgiya, qida sənayesi və digər sahələrlə bağlı layihələri çərçivəsində investisiyaları 2,2 milyard ABŞ dollarından çox olub”.
B.H.Casem əlavə edib ki, Azərbaycan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırıb ki, bunlardan ən mühümü daşınmaz əmlak sektorudur.
Beynəlxalq platformalarda əməkdaşlığa münasibət bildirən ekspert qeyd edib ki, ərəb ölkələri beynəlxalq gündəmdə olan bir çox məsələlərlə bağlı mövqelərini əlaqələndirmək yolu ilə Azərbaycanla əməkdaşlıqdan faydalana bilər: “Bundan başqa, onlar mövcud münaqişələrdə birgə beynəlxalq vasitəçi kimi çıxış edə, gərginliyin azaldılmasına yardım göstərə və ya münaqişələrdən zərər çəkənlərə kömək edə bilərlər. Bu ölkələrdə - Azərbaycan, Qətər, BƏƏ, Əlcəzairdə iqtisadi vəziyyət yaxşıdır. Bu, onlara beynəlxalq arenada mühüm siyasi rol oynamağa imkan verir”.
https://report.az/energetika/ekspert-azerbaycanla-ereb-olkeleri-arasinda-emekdasliq-enerji-bazarina-tesir-edir/