XƏBƏRLƏR

“KazTransOil” Bakı limanına sınaq məqsədli neft daşınmasını həyata keçirəcək

MART 11, 2023

Qazaxıstanın “KazTransOil” neftdaşıma şirkəti Bakı limanına tədarük olunması üçün Kaşaqan yatağından Aktau limanına 7 000 ton neftin sınaq məqsədli daşınmasını həyata keçirməyi planlaşdırır.

Trend-in şirkətə istinadən məlumatına görə, Kaşaqan neftini göndərən "INPEX North Caspian Sea, Ltd"dir.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko dünənki brifinqdə Qazaxıstan neftinin Azərbaycandan keçərək nəqlinin bu il başlayacağını bildirib.

Daha əvvəl Qazaxıstanın baş naziri Əlixan İsmayılov 2023-cü ilin əvvəllərində Azərbaycan ərazisindən keçərək 1,5 milyon ton Qazaxıstan neftinin nəqlinə başlanılacağını bildirib.

"Bizim artıq 1 yanvar 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə 1,5 milyon ton neft nəqlinə dair sazişimiz var. Eyni zamanda həcmi gələcəkdə 6-6,5 milyon tonadək artırmağı nəzərdə tuturuq. Batumi və Özbəkistan istiqamətində dəmir yolu ilə pilot daşımalar artıq başlayıb, vaqon sisternlərinin sayı isə ikiqat artırılıb", - Ə.İsmayılov deyib.

https://az.trend.az/business/energy/3721545.html