Qlobal miqyasda geosiyasətlə yanaşı, dünyanın enerji marşrutaları, tələbat çeşidi və təminat yolları da dəyişir. Neft və qaz erası artıq tədricən bitmək üzrədir. Azərbaycan "qara qızıl" və "mavi yanacaq" ehtiyatları baxımından yaxın əsrlərdə heç bir problem hiss etməyəcəksə də, ölkəmiz artıq alternativ enerji istehsalçısına çevrilməkdədir. Eyni zamanda Azərbaycan sürətlə Şərq və Qərbin "yaşıl enerji" təminatçısına dönmək niyyətindədir.
Dünyada xam neft və təbii qaz hasilatçılarının liderləri son illərdə dəyişməz qalsa da, bazarda tələbat və istehalak yönləri, konyuktur və ən əsası, prioritetlər dəyişib.
Avropa İttifaqı ənənəvi satıcıların bir çoxundan imtina edərək onların satdıqları xam nefti və təbii qazı geosiyasi maraqlar baxımından "zəhərli" elan edib. Bu isə təbii ki, "qoca qitə"də enerji qıtlığı yaratmışdı: mütləq şəkildə alternativ təminat mənbələri, marşrutların çeşidinin, sayının və istiqamətlərinin artırılması gərəkdi.
Eyni zamanda, Brüssel xam neft və təbii qazdan tam asılılıqdan qurtulmaq üçün alternativ, "təmiz" enerjiyə keçidi sürətləndirib.
Hadisələrin bəhs etdiyimiz məcrası karbohidrogenlərin ənənəvi satıcısı və neft-qaz bazarının etibarlı, həm də dayanıqlı üzvü kimi tanınan Azərbaycan üçün ilk baxışdan problemlər yaratmalı idi.
Tam əksinə oldu.
Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumu imzalanıb. Belə ki, əgər ölkəmiz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiə, bu il həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.
Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində Bakı onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Üstəlik, Azərbaycan ixrac qaz boru kəmərlərinin sayını artırmaqla yanaşı, onları genişləndirəcək. Cənub Qaz Dəhlizi marşrutu iki il əvvəl istifadəyə verilsə də, hazırda bu istiqamətin ciddi genişləndirilməyə ehtiyacı var.
TANAP marşrutu ilə təbii qaz ixracı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-da isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılacaq.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanın 10 ölkəsi Azərbaycandan əlavə olaraq təbii qaz almaqş istəyini bildirib və hazırda danışıqlar aparılır.
Fəqət, əsas məsələ Bakının perspektiv planlarıdır.
Ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair saziş imzaladılar. Sənəd Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsini nəzərdə tutur ki, o marşrutun bir hissəsi Qara dənizin dibi ilə gedəcək.
Bakının təşəbbüsü ilə reallaşdırılacaq sözügedən marşrut Avropanın enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq. Əgər ölkəmiz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişibsə, indi növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.
Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq ki, nəticədə ölkəmiz beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Eyni zamanda, Azərbaycan yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.
Avropa İttifaqı ölkələri alternativ enerji bazarını formalaşdırarkən bəzi nüansları mütləq nəzərə almalıdır. Kiçik ölkələr və ya bazardakı "autsayderldər" özlərini kənardan ciddi təzyiqə çevrilə biləcək təsirlərdən qorumaq üçün hazırda enerjdi təminatı müstəvisində aşkar proteksionizmə keçiblər.
Aİ-də bəzi ölkələr iqtisadi mənfəəti əsas məsələ sayır, bəziləri isə geosiyasəti ön plana çıxararaq ekologiya, standartları maraqlarına uyğunlaşdırır, hansısa sazişə və ya alyansa qoşulmazdan əvvəl siyasi dividentləri hesablamağa çalışır.
Çoxsaylı ekspertlərin və analitiklərin bəyanatlarına rəğmən, dünya sürətlə və asanlıqla ekoloji enerjiyə keçə bilməyəcək. Qlobal enerji şəbəkələrinin yenidənqurması çox ciddi problemlər yaradacaq, neft və təbii qaz isə ənənəvi enerji mənbələri qismində dünya iqtisadiyyatının qan-damar sistemi, habelə geosiyasi düzənin məhvəri olaraq qalmağa davam edəcək.
Bundan başqa, "qaliblər və məğlublar"la bağlı indi geniş yayılmış təsəvvürlər də kökündən yanlışdır. Hazırda xam neft və təbii qaz satışı bazarında lider mövqe tutan ölkələr sürətlə yaşıl enerjiyə, xüsusilə də alternativ enerjiyə və yaşıl hidrogenə keçidə start verməsələr, uduzmuş ölkələr arasında olacaqlar. Təbii, onların satdıqları karbohidrogenlərə tələbat bir müddət artacaq, lakin orta perspektivə tələbat səviyyəsi aşağı düşəcək, uzaq perspektivdə isə minimum olacaq.
Ekolji baxımdan təmiz enerji yeni milli və geosiyasi güc vasitəsinə çevriləcək.
Azərbaycan, ilk baxışdan, tələsir: bəzi ekspertlər iddia edirlər ki, ölkədə külək, Günəş və su energetikasının inkişafı ilə bağlı təkliflər hələlik projekt, iddia və ya ehtimal sayıla bilər.
Belə psevdointellektuallar hələ də dərk etmirlər ki, rəsmi Bakı yeni enerji istehlakı və nəqli texnologiyalarını dövlət səviyyəsində dəstələməklə bir çox dövlətlərin, o cümlədən inkişaf etmiş ölkələrin 10, hətta 20 il sonra atacağı addımları, qəbul edəcəyi qərarları indidən reallaşdırır.
Birinci Dünya Müharibəsi xam nefti strateji məhsula çevirdisə, İkinci Dünya Müharibəsindən sonra təbii qaz dünya bazarlarında əhəmiyyətli yer tutmağa başladı.
Xam neft və təbii qaz istehlakının azaldılması da dünyanın konfiqurasiyasını eyni dərəcədə dəyişəcək. Avropa İttifaqı da coğrafi baxımdan uzaq, iqtisadi baxımdan "bahalı" satıcılarla müqayisədə Azərbaycanın əlverişli tərəfdaş olması qənaətinə gəlib.
Türkmənistan və Qazaxıstanın təbii qazının Avropaya məhz Azərbaycan vasitəsilə nəql edilməsi eyni zamanda geoenerji qovşağı qismində önəmini də dəfələrlə artırmaqdadır.
Təmiz, yəni yaşıl energetika sahəsində lider mövqelərin digər əsas mənbələrindən biri külək turbinləri, Günəş panelləri və s.-nin istehsalı üçün həlledici əhəmiyyət kəsb edən kobalt, mis, litium, nikel və digər metalların istehsalı, nəqli və satışı üzərində nəzarət kimdədirsə, üstünlük həmin dövlətdə olacaq.
Şərqi Çin dənizində gərginliyin artmasından sonra Çinin Yaponiyaya ən mühüm mineralların ixracatına embarqo qoyması bəhs etdiyimiz yeni geosiyasi düzənin ilk elementlrəindən sayıla bilər.
Azərbaycanın yaşıl hidrogen ixracına başlayaraq yeni dünya iqtisadiyyatındakı "karobhidrogen neytrallığı" strategiyasını önləməyə başladığı da anlaşılandır. Çünki məz yaşıl hidrogen indi neft-qaz ixracından əldə edilən gəlirlərin dövlət büdcəsində əhəmiyyətli yer tutduğu ölkələrə müəyyən müddətdən sonra "elektrodövlətlər"ə çevrilməyə imkan verəcək.
Ölkəmiz indi Avropa Birliyinə "qara qızıl" və "mavi yanacaq"la yanaşı, yaşıl enerji də təklif edir. Qara və mavidən yaşıla keçid sürətləndiyindən, Bakının da geoiqtisadi önəmi həmin intensivliklə artır. Qarşıda isə yeni layihələr, marşrutlar və sazişlər var.
https://az.trend.az/azerbaijan/politics/3722713.html