“Geosiyasi proseslər fonunda enerji sahəsi də daxil olmaqla, türkdilli dövlətlərin əhəmiyyəti artır”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
“Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu Qaz Kəməri (TANAP) kimi böyük enerji layihələrini birgə həyata keçiririk. Xəzər dənizində hasil edilən təbii qazın TANAP vasitəsilə nəqlini artırmaq üçün əməkdaşlığı genişləndirmək lazımdır. Bu baxımdan, Türkiyə, Azərbaycan və Türkmənistanın imzaladığı üçtərəfli memorandum xüsusilə vacibdir”, - nazir vurğulayıb.
M.Çavuşoğlu nəqliyyat və logistika sektorlarında əməkdaşlığın vacib olduğunu və bunun Orta Dəhlizin səmərəliliyini artıracağını qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
https://report.az/energetika/cavusoglu-tanap-vasitesile-qaz-neqlini-artirmaq-ucun-emekdasliq-genislendirilmelidir/