Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikilməsi planlaşdırır, bunu "Masdar Azərbaycan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkə meneceri Murad Sadıqov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.
M.Sadıqov bildirib ki, “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq:
"Amma biz bunu bu ilin sonuna qədər başa çatdırmaq istəyirik. Azərbaycan BƏƏ üçün əsas strateji yerlərdən biridir. Biz burdakı layihələrdə iştirak etməkdən və Azərbaycanın "yaşıl" gündəliyinin tərkib hissəsi olmaqdan çox məmnunuq. Bunun müxtəlif səbəbləri var. Bura dənizdə və quruda bərpa olunan enerji potensialının böyük olması və digər səbəblər aiddir.
Bizim "yaşıl enerji" ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və bizim hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır".
M. Sadıqov qeyd edib ki, "Masdar" olaraq Azərbaycan hökuməti və maraqlı tərəflərlə birlikdə istəyirik ki, Azərbaycanda ilkin investisiya təşəbbüslərini yerinə yetirək və gələcəyə doğru addımlayaq: "Biz SOCAR-la əməkdaşlıq memorandumu imzalamışıq və əməkdaşlığımız davam edir. Eyni zamanda Cənub Qaz Dəhlizi bizim üçün strateji məsələlərdən biridir. Biz yerli təchizat zəncirinin dəyərləndirilməsi barədə tədqiqatlar aparırıq və yerli şirkətlərin də potensialını aşkar edirik ki, onlar da bərpa olunan enerjidən istifadəyə təkan versinlər".
https://report.az/energetika/masdar-qaradag-gunes-elektrik-stansiyasinin-insasini-bu-ilin-sonunadek-basa-catdirmaq-isteyir/