XƏBƏRLƏR

Azərbaycan enerji bazarlarına “yaşıl hidrogen”in tədarükü üçün iki variant təklif edir

MART 17, 2023

Azərbaycan qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarlarına yaxşı çıxışa malikdir, buna görə də enerji bazarlarına “yaşıl hidrogen”in tədarükü üçün iki variant təklif olunur.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen- karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib

Onun sözlərinə görə, Azərbaycan quruda və Xəzər dənizində bərpa olunan enerji mənbələrinin yüksək potensialına görə hidrogen iqtisadiyyatının inkişafı üçün əlverişli mövqeyə malikdir: “Ölkədə hidrogen iqtisadiyyatının inkişaf etdirilməsinin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycanın qaz kəməri infrastrukturu vasitəsilə Avropanın qaz bazarlarına yaxşı çıxışa malik olmasını göstərmək olar”.

K. Hüseynov bildirib ki, Cənub Qaz Dəhlizi təbii qazla qarışmış hidrogeni enerji bazarlarına nəql etmək üçün istifadə oluna bilər: "Yaşıl hidrogen"in tədarükü üçün başqa bir variant ayrıca H2 boru kəmərinin çəkilməsi ola bilər. Bərpa olunan enerjinin istehsalının nisbətən aşağı qiymətə başa gəldiyini nəzərə alsaq, Azərbaycanda "yaşıl hidrogen"in dəyəri (LCOH) digər bazarlarla rəqabətədavamlı ola bilər”.

Dövlət Agentliyinin direktor müavini hesab edir ki, digər ölkələrlə mövcud dəmir yolu və boru kəməri əlaqələrini nəzərə alaraq, “yaşıl ammonyak” və “yaşıl hidrogen”in hasilatı və ixracı da variant sayıla bilər: “Ammonyak və metanol istehsalı, elektrik enerjisinin istehsalı və mərkəzləşdirilmiş istilik təchizatı Azərbaycanda “yaşıl hidrogen"in mümkün tətbiqi sahələridir”.

https://report.az/energetika/azerbaycan-enerji-bazarlarina-yasil-hidrogen-in-tedaruku-ucun-iki-variant-teklif-edir/