“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” şirkəti Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji istehsalı üçün vacib olan hidrogen (H2) əsaslı texnologiyalara diqqət yetirir.
Şirkətdən verilən məlumata görə, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Sabancı Universitetinin layihə qrupları sudan "yaşıl hidrogen" istehsalı üçün tərkibində yeni nəsil katalizatorlar olan unikal elektrodlar hazırlamağı hədəfləyir.
Ötən ilin noyabr ayında Sabancı Universiteti ilə əməkdaşlığa başlayan “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” “Bipolar Membranlı Elektrolizörler ile H2 Üretimi İçin Özgün Anot Geliştirilmesi” (Bipolyar membran elektrolizlərindən istifadə etməklə hidrogen istehsalı üçün unikal anodların hazırlanması) adlı elmi-tədqiqat layihəsinə start verib.
Bundan əlavə, layihə çərçivəsində elektrolizlərin maya dəyərinin aşağı salınması, səmərəliliyinin artırılması və istismar müddətinin artırılması nəzərdə tutulur.
Avropa İttifaqının 2050-ci ilə qədər xalis istixana qazı emissiyalarını sıfıra endirmək və onun karbon izlərini minimuma endirmək məqsədlərinə uyğun olaraq təmiz enerji istehsalı texnologiyalarına ehtiyac var.
Bu məqsədlə ən perspektivli yanacaq hidrogen hesab edilir. “SOCAR Türkiyə” və Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində başlanan tədqiqatlar bu sahəyə töhfə vermək məqsədi daşıyır.
https://report.az/energetika/socar-turkiye-sabanci-universiteti-ile-yasil-hidrogen-istehsali-layihesini-hazirlayir/