XƏBƏRLƏR

Böyük həcmdə bərpa olunan enerjinin enerji sisteminə inteqrasiyası üzərində işlər gedir

MART 30, 2023

Azərbaycan böyük həcmdə bərpa olunan enerjinin enerji sisteminə inteqrasiyası üzərində işləyir, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Almaniyada keçirilən Enerji Keçidi üzrə 9-cu Berlin Dialoqu beynəlxalq konfransında deyib.

"Qarşılaşdığımız problemlərdən biri daha çox bərpa olunan enerjinin enerji sistemimizə inteqrasiyası, bərpa olunan və ənənəvi enerji mənbələri arasında balansın yaradılmasıdır. Biz bunun üzərində işləyirik. Biz Azərbaycana iki şirkəti cəlb etdik: Amerikanın Tetra Tech və Türkiyənin Efra şirkətlərini. Üç il əvvəl biz Almaniyanın VPC şirkəti ilə bu istiqamətdə işləmişik və inteqrasiya gücünü 1500 meqavat səviyyəsində müəyyən etmişik. Biz bu həcmi 2000 meqavata çatdırmaq istəyirik”, - Nazir qeyd edib.

Şahbazov əlavə edib ki, cəmi üç il ərzində Azərbaycan 470 meqavat gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsinə dair müqavilələr imzalayıb. Onlar artıq tikilməkdədir.

Şahbazov qeyd edib ki, Azərbaycan bp ilə birlikdə ölkənin neft-qaz sektorunun karbonsuzlaşdırılmasına yönəlmiş 240 meqavat gücündə böyük layihəni də həyata keçirir.

https://az.trend.az/business/energy/3727954.html