Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanacaq.
"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşdə qeyd edilib.
Görüşdə Macarıstan ilə təbii qazın və “yaşıl enerji”nin tədarükü üzrə müzakirələr aparılıb. Görüşdə TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib.
Həmçinin Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin reallaşdırılması istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
https://report.az/energetika/perviz-sahbazov-ilin-sonunadek-azerbaycan-macaristana-qaz-tedaruk-edile-biler/