XƏBƏRLƏR

Bərpa olunan enerjiyə keçidin ləng getməsinin səbəbi açıqlanıb

APREL 03, 2023

Bəzən vətəndaşlar soruşurlar ki, bərpa olunan enerji layihələri niyə sürətlə icra olunmur? Bu, əsasən mövcud enerji tarifləri ilə bağlıdır, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Biz istəyirik ki, həmin layihələrlə bağlı təklifləri məqbul qiymətlərlə alaq. Bizə hər gün mövcud enerji tariflərdən yüksək qiymətlərlə təkliflər gəlir, amma biz onları qəbul edə bilmirik. Yəni, əsas məhdudiyyət maliyyə ilə bağlıdır. Amma Böyükşor gölündə toplayacağımız təcrübə bizə imkan verəcək ki, biz bu işi hansı ölçüdə böyüdə biləcəyimi müəyyən edək. Hazırda Azərbaycanda tariflər günəş enerjisi üçün 5,5 qəpik, külək enerjisi üçün isə 5,7 qəpikdir. Bizim bu gün Səudiyyə Ərəbistanının ACWA POWER və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə olan müqavilələrimizdə bu qiymət göstərilib. Yəni “Azərenerji” ASC topdan satış olaraq bu qiymətə alır və “Azərişıq" ASC-yə 6,6 qəpikdən satır. Biz bu tarifdə qalmaq istəyirik. Avropada isə belədir ki, əgər təklif olunan tarif yüksəkdirsə o özünü istehlakçının yükunda ödəyəcəyi qiymətdə göstərir. Yəni onlar tarif artımına gedirlər. Amma biz bunu istəmirik. Ola bilər, bəlkə başqa imtiyazlar verək, amma tariflərin artırılması müzakirə mövzusu deyil”, - deyə o qeyd edib.

https://report.az/energetika/azerbaycanda-berpa-olunan-enerjiye-kecidin-leng-getmesinin-sebebi-aciqlanib/