Azərbaycan və İtaliya arasında “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər mövcuddur, bu barədə Energetika Nazirliyində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
İtaliyalı nazir müavinini Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilməsi münasibəti ilə təbrik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Neft və təbii qaz sahəsində mövcud əməkdaşlıq əlaqələrindən danışılıb, Azərbaycanın bərpa olunan enerji potensialı, strateji hədəfləri, reallaşdırılan layihələr və gələcək planlar haqqında məlumat verilib.
Qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə edildiyi görüşdə, həmçinin, Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/azerbaycan-ve-italiya-yasil-enerji-sahesinde-emekdasligi-genislendirmek-niyyetindedir/