Qüvvədə olan "Elektroenergetika haqqında" qanunun qəbulundan uzun müddət keçdiyinə görə müasir tələblərə cavab vermədiyini də xüsusi olaraq vurğulamaq lazımdır.
Bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "Elektroenergetika haqqında" qanun layihəsinin III oxunuşu zamanı bildirib.
"Prezidentin tapşırığı ilə istər bərpa olunan, istər ənənəvi enerji mənbələrindən elektrik enerjisi istehsalına özəl investisiyaların cəlbi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Ölkəmizdə investorlar üçün əlverişli investisiya mühiti formalaşdırılsa da, təcrübə göstərir ki, elektrik enerjisi bazarının olmaması bu tapşırıqların icrasını çətinləşdirən əsas amillərdən biridir.
Yeni qanunun mərhələli tətbiq edilməsi nəzərdə tutulur. 3 mərhələdən ibarət keçid dövründə əsas təməl islahatlar dövlət inhisarında saxlanılacaq ötürmə-paylama fəaliyyətlərinin rəqabətqabiliyyətli sahələrdən, yəni istehsal və satışdan tədricən ayrılmasını nəzərdə tutur ki, bu da nəticədə bütün istehsal və satış subyektlərinin elektrik şəbəkələrindən şəffaf, bərabərhüquqlu istifadəsinə imkan yaradacaq. Digər təməl addımlar mərhələli şəkildə elektrik enerjisi bazarının formalaşdırılmasıdır ki, bu da nəticədə subyektlər arasında rəqabət yolu ilə daha əlverişli və bərabər şərtlərlə enerjinin alqı-satqısı üçün şərait yaradacaq", - deyə o qeyd edib.
https://report.az/energetika/perviz-sahbazov-elektroenergetika-haqqinda-quvvede-olan-qanun-muasir-teleblere-cavab-vermir/