Bu gün Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalanan Anlaşma Memorandumu Balkan regionunun enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı rolu əhəmiyyətli dərəcədə artıracaq, bunu iqtisadçı-ekspert Amal Həsənli deyib.
“Rusiya-Ukrayna münaqişəsi fonunda yaranan geosiyasi gərginlik Avropanın təbii qaz tədarükü kanallarının şaxələndirilməsi zəruriliyini heç zaman olmadığı qədər aktual etdi. Enerji daşıyıcılarının tədarükçüsü kimi Azərbaycan bu prosesdən kənarda qalmadı. Ölkəmiz Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamağa başladı. Eynisini Balkan ölkələri üçün də deyə bilərik. Belə ki, ötən il Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi ilə Azərbaycan qazı Balkan regionuna istiqamətləndi”, - A. Həsənli bildirib.Ekspert diqqətə çatdırıb ki, Balkan regionu ilə strateji partnyorluğun dərinləşməsi Azərbaycanın regional lider mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək:
“Azərbaycan Balkan regionu ölkələri ilə əməkdaşlığı mühüm prioritet istiqamət kimi müəyyən edib. Region ölkələri ilə, o cümlədən Bolqarıstanla xarici iqtisadi əlaqələr dinamik şəkildə inkişaf etdirilir. Sənəd strateji partnyorluğumuzu keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Bunun iqtisadi faydaları ilə yanaşı həm də siyasi dividendləri olacaq. Ölkəmizin Balkan bütövlükdə isə Avropa regionundakı siyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq ki, bu da regional münaqişələrin ədalətli həllində Azərbaycanın mövqeyini möhkəmləndirəcək”.
Xatırladaq ki, anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
https://report.az/energetika/ekspert-azerbaycan-balkan-regionun-enerji-tehlukesizliyinin-teminatinda-daha-muhum-rol-oynamaga-baslayacaq/