XƏBƏRLƏR

TAP-ın genişləndirilməsi yeni həcmdə hidrogenin nəqlinə kömək edə bilər

APREL 28, 2023

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi gələcəkdə yeni həcmdə hidrogen və digər bərpa olunan qazların nəqlinə kömək edə bilər, bunu TAP-ın Yunanıstan üzrə nümayəndəsi İonnis Maris bildirib.

TAP rəsmisi qeyd edib ki, boru kəməri Avropaya 22 milyard kubmetrdən çox təbii qaz idxal edib: “Biz regionun enerji səmərəliliyini daha da dəstəkləyə bilərik. Çünki TAP cari gücünü ikiqat artıra bilər”.

O vurğulayıb ki, TAP artıq birinci səviyyəni genişləndirib. İ.Maris bildirib ki, TAP Avropanın enerji keçidinə töhfə verməyi öhdəlik götürüb.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu ilin yanvarın 31-dək boru kəməri vasitəsilə 22,4 milyard kubmetr qaz nəql edilib.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 % - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39 %) ixrac edib. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır ki, bunun da 12 milyard kubmetri Avropaya nəql olunacaq.

Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

https://report.az/energetika/tap-in-genislendirilmesi-yeni-hecmde-hidrogenin-neqline-komek-ede-biler/