XƏBƏRLƏR

Qara dəniz sualtı kabel layihəsi Avropanın enerji təhlükəsizliyini artıracaq

APREL 28, 2023

“Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsi qitə ölkələrinin enerji təhlükəsizliyini yüksəltmək məqsədi daşıyır”.

Bunu "Report"a açıqlamasında Enerji Siyasəti Qrupunun (EPG) Rumıniya üzrə baş elmi işçisi, BMT-nin Avropa İqtisadi Komissiyasının enerjinin rəqəmsallaşdırılması üzrə hədəf qrupunun eksperti Andrey Kovatariu deyib.

Onun sözlərinə görə, bu layihə iştirakçı ölkələrə böyük fayda gətirəcək: “Avropa üçün bu layihə həm əlavə “yaşıl enerji” mənbəyi, həm də enerji təhlükəsizliyinin əhəmiyyətli dərəcədə artması demək olacaq”.

“Hesab edirəm ki, layihədə iştirak edən tərəflər işin gedişini və görülən işləri qiymətləndirdiyi şəxsi görüşlər də daxil olmaqla, buna sadiqliklərini nümayiş etdirirlər”, - ekspert qeyd edib.

Kovatariunun sözlərinə görə, Avropa İttifaqının (Aİ) enerji bazarının inkişafı ilə bağlı təkliflər nəzərə alınmalı olan və bu təşəbbüsün zəruriliyini faktiki olaraq gücləndirən mühüm yeniliklərdir.

"Uzunmüddətli perspektivdə layihə aşkar üstünlüklərə malikdir. Qısamüddətli perspektivdə isə dəyərli nəticələr göz qabağındadır: Aİ-nin öz enerji ehtiyaclarını ödəmək qabiliyyəti artır, onun etibarlı tərəfdaşlarında iqtisadi artım baş verir", - ekspert bildirib.

A.Kovatariu vurğulayıb ki, xüsusilə Avropanın bərpa olunan enerji mənbələrinin potensialının artırılmasına və özünün ekoloji cəhətdən təmiz istehsal sektorunun inkişafına diqqət yetirildiyi bir vaxtda bu layihəni həyata keçirmək heç də asan deyil. Bundan əlavə, bu, tikinti baxımından da mürəkkəb layihədir.

"Lakin həyata keçirildikdən sonra o, bərpa olunan enerjidən hər iki istiqamətdə istifadə etməyə imkan verəcək, çünki Rumıniya və Bolqarıstan da dənizdə külək enerjisinin imkanlarını, hətta enerji adasının yaradılmasını nəzərdən keçirir. Beləliklə, Qara dənizin hər iki sahilindəki təbii potensialdan istifadə etmək mümkün olacaq", - ekspert əlavə edib.

https://report.az/energetika/ekspert-qara-deniz-sualti-kabel-layihesi-avropanin-enerji-tehlukesizliyini-artiracaq/