Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Albaniyada fəaliyyətinə və ölkələr arasında enerji əməkdaşlığına töhfə verəcək bir sıra yeni layihələr üzrə hazırda intensiv məsləhətləşmələr aparılır, bunu energetika naziri Pərviz Şahbazov Albaniyanın Tirana şəhərində keçirilən Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclasında deyib.
P.Şahbazov bildirib ki, Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Trans-Adriatik Qaz Boru Kəməri layihəsinin üzvləridir: “Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir. Korça şəhərinin qazlaşdırılması layihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak edəcəyik"
Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri, İşçi Qrupunun həmsədri Bellinda Balluku isə bildirib ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və "strateji tərəfdaşlığımızı möhkəmləndirməyə qərarlıyıq".
"Bu gün potensial əməkdaşlığın bir çox sahələrini müəyyən etdik. Bu sahələr arasında energetika hər iki ölkə üçün xüsusi maraq kəsb edir", - B. Balluku əlavə edib.
İclasda ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının rolundan, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfəri və Albaniyanın Baş naziri Edi Ramanın səfərlərinin əhəmiyyətindən bəhs edilib. İşçi Qrupu çərçivəsində birgə fəaliyyət və bu əməkdaşlıq formatının Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi planı, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bağlı siyasi qərar Azərbaycan-Albaniya əlaqələrini dərinləşdirmək niyyətinin təzahürü kimi qeyd olunub.
İclasda ticarət və investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur, turizm, mədəniyyət, təhsil və elm sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Albaniya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında və "yaşıl enerji" layihələrində əməkdaşlığa dəvət edilib.
İşçi Qrupun əsasında Hökumətlərarası Komissiyanın yaradılması razılaşdırılıb. İclasın yekunlarına dair Protokol imzalanıb.
https://report.az/energetika/perviz-sahbazov-socar-albaniyada-yeni-layiheler-uzre-intensiv-meslehetlesmeler-aparir/