XƏBƏRLƏR

Həmrəylik halqası” bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək

MAY 11, 2023

“Həmrəylik halqası” qaz təşəbbüsü Mərkəzi, Şərqi və Cənubi Avropa regionunda enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək. Azərbaycanın bu layihədə iştirakı bu tədarüklər baxımından çox mühüm əhəmiyyətə malikdir”. Bunu, Bolqarıstan Siyasət Məktəbinin icraçı direktoru İvan Naçev deyib.

Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.

Politoloq vurğulayıb ki, layihənin ideyası yeni qaz kəmərləri çəkmək əvəzinə hər bir operatorun öz sisteminin imkanlarını artırılmasından ibarətdir. İ. Naçev bunun daha səmərəli olacağını və daha ucuz başa gələcəyini bildirib.

“Beləliklə, Bolqarıstandan Macarıstana və Slovakiyaya uzanan şaquli dəhliz həyata keçirilib ki, bu da Balkan ölkələrinin enerji təhlükəsizliyini dəstəkləyəcək”, - o əlavə edib.

İkitərəfli münasibətlərin inkişafına toxunan İ.Naçev bu prosesin Bolqarıstanın Azərbaycanın müstəqilliyini rəsmən tanınması ilə başladığını qeyd edib: “Prezidentlər, hökumət başçıları və nazirlər səviyyəsində keçirilən görüşlər münasibətlərin dərinləşməsi prosesinə dəstək verir”.

İki ölkə arasında müxtəlif sahələr üzrə çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Lakin politoloqun fikrincə, bu, hələlik Bolqarıstan cəmiyyətinin Azərbaycan haqqında daha çox məlumat əldə etməsi üçün kifayət deyil. "Fikrimcə, Bolqarıstan əhalisinin ölkənizi daha yaxından tanıya bilməsi üçün bu istiqamətdə iş aparılmalıdır", - İ.Naçev qeyd edib.

Ekspert qeyd edib ki, hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixracatçısı kimi tanınır.

"Bolqarıstan Yunanıstanla çəkilmiş interkonnektor vasitəsilə 2022-ci il oktyabrın 1-dən etibarən Azərbaycandan təbii qaz alır. Bununla da ölkənin Rusiyanın enerji tədarükündən asılılığına son qoyuldu. 2009-cu ilin qışında irəli sürülən interkonnektor ideyası 13 il sonra işə başladı. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcəyi var”, - o bildirib.

https://report.az/energetika/bolqaristanli-politoloq-hemreylik-halqasi-bir-sira-avropa-olkelerinin-enerji-tehlukesizliyini-temin-edecek/