XƏBƏRLƏR

Azərbaycan tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlayacaq

MAY 22, 2023

“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var”, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.

Prezident qeyd edib ki, Azərbaycan təbii qaz hasilatını artırır: “Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”.

Dövlət başçısı Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malik olduğunu da qeyd edib: “Biz bərpa olunan enerji və investisiyalar sahəsində Litva ilə eyni istiqamətdə irəliləyirik. Hər iki ölkənin Baltik və Xəzər dənizində böyük potensialı var və bu, hər iki ölkənin gündəmindədir. Bizə gəlincə, həm enerji təhlükəsizliyimizi təmin etmək, həm də ixrac üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisi istehsal etmək üçün təbii enerji mənbələrindən - külək və günəşdən istifadə etmək istəyirik”.

O xatırladıb ki, ötən ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və bu sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər Avropaya enerji təchizatını artıracaq.

“Biz artıq məlum olan yataqlardan böyük həcmdə təbii qaz hasil edirik. Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”, - İ.Əliyev deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan bərpa olunan enerjiyə sərmayə qoymağa davam edəcək və bu, ölkəyə ixrac üçün təbii qaza qənaət etməyə imkan verəcək.

“Azərbaycan Avropaya etibarlı təchizatçı kimi bu gün neft, təbii qaz, elektrik enerjisi ixrac edir və biz həmçinin hidrogen, o cümlədən “yaşıl hidrogen” ixrac etməyi planlaşdırırıq”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

https://aceconsultants.az/admn/article.php?sectionId=2&action=add