XƏBƏRLƏR

Bakı Enerji Həftəsində 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib

MAY 24, 2023

Bakı şəhəri 31 may-3 iyun tarixlərində üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək, bunu Energetika Nazirliyinin nümayəndəsi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 28-ci Bakı Enerji Forumu keçiriləcək. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.

O bildirib ki, Bakı Enerji Həftəsinə Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir: "Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib. Tədbirlərdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır".

https://report.az/energetika/energetika-nazirliyi-baki-enerji-heftesinde-37-olkeden-326-sirket-istirakini-tesdiq-edib/