XƏBƏRLƏR

Zəngilan rayonundakı inşa edilən 4 kiçik su elektrik stansiyasında işlər payızda başa çatdırılacaq

MAY 26, 2023

Zəngilan rayonundakı Oxçuçay üzərində inşa edilən 4 kiçik su elektrik stansiyasında (KSES) işlər ən geci 6 aya başa çatdırılacaq, bunu "Azərenerji" ASC-nin Hidrotexniki xidmətinin rəisi Rüstəm Rəcəbov bildirib.

"Tikinti işləri 2022-ci ilin sentyabrında başlayıb, 2023-cü ilin noyabrında yekunlaşdırılacaq. Artıq işlərin 70 %-i icra edilib. Şayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirli KSES-lərinin hər birinin gücü 10,5 MVt olacaq. Onların hər biri illik orta hesabla 30-33 milyon KVt/saat elektrik enerjisi istehsal edəcək. KSES-lərin tikintisi üzrə işlər aparılarkən ətraf mühitin qorunması, ekoloji normalara uyğun tədbirlərin görülməsi prioritet hesab edilib. Stansiyaların tikintisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə razılaşdırılıb. KSES-lərin tikintisi ilə bağlı bu ilin yanvarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin ofisində aidiyyəti qurumların iştirakı ilə toplantı keçirilib. Stansiyalar, su qəbulediciləri və derivasiya borularının yerləşmə əraziləri mina və partlamamış sursatlardan təmizlənib. KSES-lərin avadanlıq təchizatı ilə bağlı ötən ilin avqustunda Avstriyanın "Gugler" şirkəti ilə müqavilələr bağlanılıb, müqavilə üzrə avans ödənib. Avadanlıqların 2023-cü ilin iyun ayının sonuna hazır olması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Bundan başqa, "Azərenerji" rəsmisinin sözlərinə görə, Oxçuçay üzərindəki Baş suqəbuledicidən aşağıda formalaşan sular birbaşa Oxçuçayın məcrasına daxil olur və ekoloji axımla bərabər Oxçuçayın aşağı axım zonasının suyunun əsasını təşkil edir: "Çayın axımının 45 %-i elektrik enerjisi istehsalına, 55 %-i isə məcrasına buraxılır. Beləliklə, ətraf mühitə, təbiətə hər hansı ziyan vurulmur. Çayın dərəsində kanal, tunel qazılmayıb, yalnız suların KSES-lərə ötürülməsi üçün derivasiya boruları quraşdırılıb. Derivasiya borularının quraşdırılma işləri çay yatağından kənarda aparılmaqla, təbiətə ziyan vurulmayıb. Kaskad SES-lərin hər birində 2 turbin quraşdırılacaq və onların hər biri saniyədə 9,8, ikisi isə 19,6 kubmetr suötürmə gücünə malikdir. Turbinlər Avropanın "Gugler GmbH" şirkətinə məxsus ən son texnologiyalar əsasında istehsal edildiyindən ətraf mühitə heç bir zərəri yoxdur. Oxçuçayın u sərfi 3,43 m3/saniyədən az olduqda KSES avtomatik dayanacaq. Bu isə çayın məcrasında ekoloji axımdan 4 dəfə artıq suyun saxlanılması deməkdir. Əlavə olaraq, çayın su ehtiyatının 26 %-i ölkə ərazisində formalaşdığından çayda əlavə 3 m3/saniyə suyun olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, çayın axımının 55 %-ə yaxını onun məcrasında saxlanılmaqla, çay ekosisteminə heç bir mənfi təsir olmayacaq".

https://report.az/energetika/oxcucay-uzerinde-insa-edilen-4-kses-de-is-noyabrda-basa-catdirilacaq/