XƏBƏRLƏR

Azərbaycanda 2027-ci ilədək istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmləri açıqlanıb

İYUN 01, 2023

Azərbaycanda 2026-cı ilin sonunadək 1 800 MVt-a yaxın külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bunu energetika naziri Pərviz Şahbazov bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ixrac üçün mövcud olan 1 milyard kubmetrdən çox qaza qənaət etməyə imkan verə bilər: “Biz təbii qazın və "yaşıl enerji"nin inkişafına balanslaşdırılmış münasibət göstəririk. Çünki bərpa olunan enerjini dəstəkləmək və enerjinin rahat keçidini təmin etmək üçün qaza ehtiyacımız var. "Yaşıl" mənbələr ən yaxşı enerjidirsə, təbii qaz ən yaxşı ehtiyat mənbəyidir".

Nazir bildirib ki, Azərbaycan quruda 135 GVt və dənizdə 157 QVt texniki bərpa olunan enerji potensialına əsaslanaraq "yaşıl enerji", hidrogen istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsini qarşısına məqsəd qoyub, "yaşıl enerji" üzrə beynəlxalq əməkdaşlıq platforması yaradır: “Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə “Azərbaycan üçün Aşağı Karbon Hidrogen İqtisadiyyatı Bazarı araşdırması” hazırlanıb. Qiymətləndirmə bərpa olunan hidrogenin istehsalının kommersiya məqsədəuyğunluğu və onun daxili istehlakda tətbiqi sahələri, eləcə də Avropa İttifaqı daxil olmaqla, regional enerji bazarlarına tədarük imkanları ilə bağlı müsbət nəticələr verir".

P. Şahbazov qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri olan Qarabağ-Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanın da “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib: "Hazırda biz “Masdar”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə 25 GVt-dan çox “yaşıl enerji” layihələrində əməkdaşlıq edirik. Bu istehsal güclərinin mərhələli şəkildə, yəni 2026-cı ilə qədər 1,8 GVt, 2030-cu ilə qədər isə 5 GVt-a çatdırılması planlaşdırılır”.

Nazir əlavə edib ki, daxili və ixrac tələblərindən asılı olaraq bu həcmlərin 2037-ci ilə qədər və sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir: "Enerji həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan memorandumlar imzalayacağıq”.

https://report.az/energetika/azerbaycanda-2027-ci-iledek-istifadeye-verilecek-kulek-ve-gunes-enerjisi-istehsalinin-hecmleri-aciqlanib/