Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər çərçivəsində informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığa dair bir sıra mühüm məsələlər müzakirə olunub.
İmzalanan sənədlər və iki ölkə arasında əlaqələrin gələcək inkişaf prespektivləri ilə bağlı Litva Prezidentinin müşaviri Vaydas Auqustinaviçyusdan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan və Litva arasındakı ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirərdiniz? Prezident İlham Əliyevin Litvaya səfəri ikitərəfli münasibətlərin inkişafına necə təsir etdi?
- Azərbaycanla Litva arasındakı ikitərəfli münasibətlər çox dinamikdir. Ötən il Litva Prezidenti Gitanas Nauseda və ölkənin birinci xanımı Diana Nausedene biznes və təhsil məsələləri üzrə rəsmi nümayəndə heyəti ilə birlikdə Azərbaycanda olublar. Bu, çox uğurlu səfər idi, onun perspektivli nəticələri ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərdi. Bir il əvvəl ölkə liderləri ikitərəfli əməkdaşlığa dair məzmunlu müzakirələrə başlayıblar və bir çox sahələrdə ikitərəfli münasibətlərin inkişafının əsasını qoyublar.
Bu il Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva biznes nümayəndələrinin də daxil olduğu geniş tərkibli nümayəndə heyəti ilə Vilnüsdə səfərdə olublar. Bu səfər iki ölkə arasındakı münasibətlərdə daha da müsbət dinamika və perspektivlər yaradıb. Azərbaycan Litvanın mühüm tərəfdaşı olub və bu cür də qalacaq, strateji maraqlar da dəyişməz olaraq qalır və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini ehtiva edir.
- İki ölkə arasında imzalanan və gələcək əməkdaşlığın praktiki istiqamətlərini müəyyən edən sazişləri necə qiymətləndirirsiniz?
- Azərbaycan və Litva qurumları arasında intensiv əlaqələrdən çox məmnunuq - səfər zamanı imzalanmış sazişlərin sayı iki ölkə arasında əlaqələrin genişlənməsinin ən yaxşı təsdiqidir. Vilnüsdə üç saziş imzalanıb:
- Litva Respublikasının Ətraf Mühit Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;
- 2024-2025-ci illər üzrə Baş Prokurorluqlar arasında əməkdaşlıq Proqramı;
- Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş.
Əminik ki, bu qanunvericilik bazası real praktik əməkdaşlıq üçün çox yaxşı başlanğıcdır və digər qurumları, biznes cəmiyyətini və universitetləri əməkdaşlığın gözəl nümunələrinə əməl etməyə sövq edəcək.
Litvanın açıq və ixracyönümlü iqtisadiyyatı hazırda dünyanın ən çoxşaxəli 15 iqtisadiyyatı sırasındadır. Uyğunlaşmaq və yeni bazarlar axtarmaq bacarığı Litvanın ən güclü tərəflərindən biridir, eləcə də uzunmüddətli uğurumuzun əsasını təşkil edir.
Litva Azərbaycanı böyük enerji potensialına və bunu şaxələndirmək istəyinə malik olan artan iqtisadi güc kimi görür. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsalat, qabaqcıl qida emalı və bərpa olunan enerji mənbələri kimi müxtəlif sahələri litvalı sahibkarları cəlb edir.
İqtisadi potensialımızdan istifadə etmək istəyənlər üçün bildirmək istəyirəm ki, Litvada əhəmiyyətli vergi güzəştləri olan yeddi azad iqtisadi zona fəaliyyət göstərir. Rəqəmsal infrastrukturumuz sürətli və əlverişlidir, Avropa İttifaqının ən yaxşılarından biridir.
- Azərbaycan və Litva arasında “yaşıl” iqtisadiyyat sahəsində əməkdaşlığın prespektivlərini necə görürsünüz?
- Litva Avropa İttifaqının “yaşıl” texnologiyaların sənaye istehsalına dəstək planlarını öyrənir. Sıfır çirklənmə emissiyalı istehsalda irəliləyişin əldə olunması sayəsində yeni imkanlar açılacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Sıfır çirklənmə iqtisadiyyatının inkişafı həm də Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə yaxınlaşdıra bilər.
Litva bərpa olunan enerji istehsalı, elektrik enerjisi istehsalı, elektron mobillik və avtomobil sektoruna əsaslanan sıfır çirklənmə əsaslı iqtisadiyyat qurmağı planlaşdırır. Əşyaların interneti və sirkulyar iqtisadiyyat biznes modelləri sahəsində də yaxşı irəliləyiş əldə etmişik.
İqtisadiyyatı sabit enerji resursları ilə təmin etmək üçün Litvada son 10 ildə elektrik enerjisi və qaz infrastrukturu sahəsində nəhəng investisiya layihələri, o cümlədən LNG terminalı həyata keçirilib. İndi Litvanın enerji sektoru günəş və külək enerjisi parkları ilə genişlənib. Litva Baltik dənizində ilk ofşor külək enerji parklarından birinin yaradılması yolundadır.
Litva həm quruda, həm də dənizdə bərpa olunan mənbələrdən əldə ediləcək aşağı sabit enerji qiymətlərinə əsaslanan iqtisadi modelə doğru irəliləyir. Bu, istehsal və xidmət sahələrinin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
- Enerji sahəsində əməkdaşlığın genişləndirilməsini necə şərh edərdiniz? Prezident Gitanas Nausedanın 2022-ci ildə Bakıya səfəri zamanı Litvanın Azərbaycana bərpa olunan enerji, xüsusilə günəş enerjisi sahələrində həllər təklif edə biləcəyini vurğulamışdı. Bu barədə fikirləriniz necədi?
- Elektrik enerjisi sahəsində Litvanın məqsədi 2030-cu ilə qədər özünü təmin edən “yaşıl” elektrik enerjisi istehsalçısına çevrilməkdir. Bunun üçün külək və günəş enerjisi istehsalının quraşdırılmış gücü təxminən 7 dəfə artmalıdır və bu transformasiya prosesinə artıq başlanılıb.
Litvanın enerji şirkətləri və elmi müəssisələri günəş enerjisi sahəsində müstəsna təcrübə toplayıblar. Bizdə gündəlik həyatda, biznesdə və kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş, təkrar doldurulan batareyaları olan günəş modullarının yerli istehsalı artır. Şirkətlərimiz iri günəş parkı layihələrinin formalaşdırılması, tikintisi və istismarı üzrə biliklərə malikdir və Azərbaycanın bu sahədəki ehtiyaclarını ödəməyə hazırdır. Günəş enerjisi Azərbaycanla enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığımızın başlanğıcı ola bilər.
https://report.az/energetika/azerbaycan-almaniyadan-antifriz-tedarukunu-keskin-artirib/