XƏBƏRLƏR

Rumıniya Azərbaycanla qaz müqaviləsinin 2024-cü ildən sonra uzadılacağından əmindir

İYUN 07, 2023

Rumıniya Azərbaycanla qaz tədarükü üzrə müqavilənin müddətinin 2024-cü ildən sonra uzadılacağından əmindir.

Bu barədə müsahibəsində Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku deyib.

O xatırladıb ki, bu ilin əvvəlində ROMGAZ və SOCAR arasında qaz tədarükünə dair müqavilə imzalanıb:

"Bu sənədin imzalanması konstruktiv birgə iş üçün əsas və iki şirkət arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsində yeni mərhələ oldu. Ona görə də biz əminik ki, bu cür əməkdaşlıq 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması yolu ilə deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə davam edəcəkdir", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Rumıniyanın enerji şirkəti Romgaz S.A. qaz tədarükü haqqında müqavilə imzalayıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

Bu müqavilə iki şirkət tərəfindən 2022-ci il oktyabrın 9-da və dekabrın 16-da imzalanmış və Azərbaycan və Rumıniya arasında enerji sektorunda əlaqələrin hüquqi əsasını yaradan əvvəlki sazişlərə əsaslanır. Bu sənədlər Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, əməkdaşlığın möhkəmləndirilməsinə, Avropanın enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasının təşviqinə töhfə verir.

https://az.trend.az/business/energy/3758139.html