XƏBƏRLƏR

Çexiya Azərbaycan qazına çıxış əldə etməyə çalışır

İYUN 07, 2023

Çexiya Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir.

Bunu müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisi Çexiya şirkətlərinin bu layihədə iştirakının pik nöqtəsi oldu. Layihədə Çexiyadan 10-a yaxın şirkət iştirak edib. Bu, bizim iqtisadiyyatlar üçün əhəmiyyətli bir layihə idi. Və bu gələcəkdə oxşar layihələrin inkişafı üçün yaxşı əsasdır", - deyə o bildirib.

Nazir qeyd edib ki, ümumiyyətlə, son illər iki ölkə arasında biznesin həcmi xeyli artıb.

"Azərbaycandan Çexiyaya ixracda böyük artım olub - 145 faiz. Çexiyanın Azərbaycana ixracı bir qədər aşağı, təxminən 50 faiz artıb. Azərbaycanın iqtisadiyyat naziri və energetika naziri ilə görüşlərimizdə razılaşdıq ki, biz həmfikir ölkələrik, oxşar dəyərləri paylaşırıq və qarşılıqlı işgüzar əlaqələri genişləndirməkdə davam etmək istəyirik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Çexiya həmçinin Azərbaycandan qaz tədarükünə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə orta və uzunmüddətli müqavilələr bağlamağa çalışır.

"İlk növbədə, Çexiya Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır. Ölkəniz artıq Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. İndi biz 10 ay ərzində Rusiyadan tədarüklərimizi sıfıra endirməyi bacardığımız üçün təchizat zəncirimizi yenidən qururuq. Bizim artıq mövcud olan müsbət əməkdaşlığı nəzərə alsaq, Azərbaycan burada böyük töhfə verə bilər", - deyə Y.Sikela bildirib.

O həmçini qeyd edib ki, Azərbaycanın ekoloji cəhətdən təmiz hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı sahəsində böyük potensialı var. Burada Çexiya şirkətləri öz təcrübələri ilə böyük töhfə verə bilərlər.

"Azərbaycan rəsmiləri ilə danışıqlarımız zamanı biz rəhbər komitənin növbəti iclasının Bakıda keçirilməsi barədə razılığa gəldik və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyətini özümüzlə gətirməyi planlaşdırırıq", - deyə Y.Sikela bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi ilə Çexiyanın dəmir yolu və metro qatarları istehsalçılarından biri arasında əməkdaşlığın qurulması üzrə danışıqlar aparılır.

"Bizim tərəfdən Bakıda yeni metro xətti üçün qatarların tədarükünə böyük maraq var", - deyə o əlavə edib.

Qeyd edək ki, Çexiyanın Azərbaycandan idxalı kərə yağı (Çexiyaya bütün kərə yağı idxalının demək olar ki, 25 faizi), pambıq, quru meyvə və qoz-fındıqdan ibarətdir. Bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 293 milyon dollar təşkil edib ki, bunun da 270,78 milyon dolları (5,49 faiz) Çexiyaya ixrac, 22,8 milyon dolları isə idxalın (2,81 faiz) payına düşüb.

https://az.trend.az/business/energy/3758599.html