XƏBƏRLƏR

AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neftin həcmi açıqlanıb

İYUN 13, 2023

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin iyunun 1-nə qədər 616,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 574,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,1 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin iyunun 1-nə qədər 614,7 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.

https://report.az/energetika/acg-ve-sahdeniz-den-hasil-ve-ixrac-edilen-neftin-hecmi-aciqlanib-iyun/