XƏBƏRLƏR

"Masdar" ekoloji cəhətdən təmiz hidrogen ixracında Azərbaycana dəstək verməyə hazırdır

İYUN 14, 2023

"Masdar" ekoloji cəhətdən təmiz hidrogenin istehsalında və onun Avropa bazarına ixracında Azərbaycana dəstək verməyə hazırdır.

Bunu Astana Beynəlxalq Forumu (AIF 2023) çərçivəsində "Masdar" şirkətinin Baş direktoru Məhəmməd Cəmil Əl-Ramahi deyib.

"Azərbaycanda təmiz hidrogenin istehsal edilməsinin və onun Avropaya potensial ixracının mümkünlüyünü qiymətləndirmək üçün Energetika Nazirliyi ilə müqavilə imzalamışıq. Biz artıq bu sahədə Azərbaycan tərəfi ilə fəal əməkdaşlıq edirik", - deyə o bildirib.

"Masdar"ın baş direktoru qeyd edib ki, hazırda sözügedən təşəbbüs öyrənilir və təhlil edilir.

"Biz bu sahədə imkanları qiymətləndirəcəyik, istehsal imkanlarını nəzərdən keçirəcəyik. Biz bu potensiala inanırıq. Məhz buna görə Energetika Nazirliyi ilə müqavilə imzalamışıq. Biz artıq araşdırmalara başlamışıq. Hidrogen iqtisadiyyatı uzunmüddətli bir şeydir, gələcəyin iqtisadiyyatıdır. Ancaq bunu həyata keçirmək üçün bu gündən başlamaq lazımdır", - deyə o bildirib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda layihə portfeli kifayət qədər böyükdür.

"Biz demək olar ki, 10 qiqavat üçün proqram imzalamışıq və indi biz diqqəti 4 qiqavatın, hazırda isə 1 qiqavatın reallaşdırılmasına yönəldirik. Bu layihənin birinci mərhələsi bu il istifadəyə veriləcək. Beləliklə, bu il ilk günəş elektrik stansiyası istifadəyə veriləcək. Və sonra biz bütün ölkə üzrə layihələr inkişaf elətdirməyə başlayacağıq", - deyə o əlavə edib.

https://az.trend.az/business/energy/3760362.html