XƏBƏRLƏR

Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sərmayə qoyuluşunu təmin etmək üçün çalışır

İYUN 16, 2023

Avropa İttifaqı (Aİ) Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsinə sərmayələrin yatırılmasını təmin etmək üçün azərbaycanlı tərəfdaşlarla işi davam etdirir.

"REPowerEU planı və Aİ ilə Azərbaycan arasında yeni strateji enerji tərəfdaşlığına dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin illik gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq məqsədini daşıyır. Bu, Avropanın enerji ehtiyatlarının təmin edilməsində mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi onun Avropa hissəsinin, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) modernləşdirilməsini nəzərdə tutur”, - Aİ nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, bundan əlavə, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) 2022-ci ildə ilkin gücü ildə 3 milyard kubmetr olmaqla, daha sonra 5 milyard kubmetrə qədər artırılaraq istismara başlayıb.

"O, Azərbaycan qazını Bolqarıstana və Mərkəzi Avropaya tədarük edə bilər. Bu kontekstdə Azərbaycan qazının Bolqarıstan, Rumıniya, Macarıstana tədarükü marşrutunun hazırlanması üçün ötən ay Sofiyada həmrəylik halqası təşəbbüsü irəli sürülüb”, - Aİ nümayəndəsi bildirib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük etməyə başlayıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb ki, bu da Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.

https://az.trend.az/business/energy/3761332.html