Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) işə salındığı vaxtdan bu günədək boru kəməri ilə 11,5 milyon meqavat-saat və ya 1 milyard kubmetrdən çox təbii qaz nəql olunub. Bu barədə boru kəmərinin operatoru olan ICGB-dən məlumat verilib.
Qeyd olunduğu kimi, Aleksandrupolisdəki maye təbii qaz (MTQ) terminalı Yunanıstanın DESFA milli qaz nəqli operatorunun şəbəkəsi ilə birləşmə nöqtəsində IGB qaz kəmərinə qoşulacaq.
"ICGB üçün bütün potensial istifadəçilərə imkanların bronlanması üzrə bərabər imkanların yaradılması və iki qaz obyekti arasındakı sinergiyadan tam ölçüdə istifadə olunması vacibdir", - icraçı direktorlar Teodora Georgiyeva və Corc Satlas deyiblər.
Onlar qeyd ediblər ki, terminalın planlaşdırılan istismara verilməsi IGB-nin ötürücülük gücünü artırmağa imkan verəcək. Hazırda qaz kəmərinin ötürücülük qabiliyyəti bazarın marağından asılı olaraq 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə ildə 3 milyard kubmetrdir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
https://az.trend.az/business/energy/3761580.html