Pakistan və Azərbaycan maye təbii qaz tədarükü ilə bağlı saziş imzalayacaq.
Pakistan Nazirlər Kabinetinin İqtisadi Əlaqələndirmə Komitəsi çərşənbə günü Azərbaycanla maye təbii qaz idxalı barədə çərçivə sazişini təsdiqləyib. Beləliklə, Pakistanın LNG Ltd (PLL) dövlət şirkətinin hökumətlərarası əsasda SOCAR Trading ilə təklif edilən çərçivə sazişi imzalamasına icazə verildi.
İqtisadi Əlaqələndirmə Komitəsi Neft Nazirliyinə Pakistanın maye təbii qaz (MTQ) ehtiyacını ən azı üç ay əvvəlcədən müəyyənləşdirməyi tapşırıb.
Saziş müddətinin bir il uzadılması imkanı ilə ilkin olaraq bir il müddətində qüvvədə olacaq. Buna uyğun olaraq SOCAR çatdırılma üçün 45 günlük pəncərə təqdim etməklə ayda bir partiya maye təbii qaz təklif edəcək və hər bir təklifin müəyyən qüvvədə qalma müddəti olacaq. PLL təklifi qəbul edib-etməmək barədə qərarı bu müddət ərzində verməli olacaq. MTQ-nin qiyməti SOCAR tərəfindən PLL şirkətinə ABŞ dolları ilə təklif ediləcək.
Qeyd edək ki, SOCAR yetərincə geniş coğrafiyada, o cümlədən Aralıq dənizi hövzəsi, Asiya və digər regionlarda maye təbii qazın alışını və satışını həyata keçirir. Maye təbii qaz üçüncü tərəflərdən satın alınır. Bu məhsul dünya okeanına birbaşa çıxış olmadığından Azərbaycandan ixrac edilmir.
https://az.trend.az/business/energy/3761875.html