XƏBƏRLƏR

Azərbaycanın Avropanın enerji təchizatçısına çevrilməsi üçün tarixi səhifə açılıb

İYUN 17, 2023

Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi üçün tarixi bir səhifə açılıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.

"Beynəlxalq hesabatlar üzrə təqdim olunan təhlillərə və regionda yaranan geosiyasi və iqtisadi çağırışlara əsasən deyə bilərik ki, dünya əmtəə qiymətlərinin kəskin artması, daşınma-logistika xərclərinin yüksəlməsi, Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiya templərinin artması və iqtisadi vəziyyətin pisləşməsi əsas risk amilləri olsa da, yaranmış şərait eyni zamanda geniş imkanlar açıb. Belə ki, yaranmış vəziyyətdə Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifənin açılması, ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit-logistika qovşağına çevrilməsi proseslərinin sürətləndirib. Bu səbəbdən Azərbaycana strateji investorların marağının əhəmiyyətli artması (o cümlədən işğaldan azad olunmuş ərazilərə) və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələnməsi imkanları yaranıb", - deyə o qeyd edib.

S.Məmmədov əlavə edib ki, dünya enerji daşıyıcıları bazarında yüksək qiymətlər səbəbindən böyük məbləğdə gəlirlərin əldə olunması və bu gəlirlər hesabına ölkənin sosial-iqtisadi inkişafı sahəsində duran strateji prioritetlərin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşməsi üçün əlavə imkanların yaranması kimi amilləri də qeyd etmək lazımdır: "İnkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirməklə, qlobal iqtisadi hadisələri və perspektivləri araşdıran və prespektivlər barədə məlumatları əhatə edən Dünya Bankının hazırki hesabatının olduqca böyük praktik əhəmiyyəti var və iqtisadi siyasət qurucuları, biznes icması, investorlar, maliyyə-bank sektoru üçün vacib məlumat və qərarvermə mənbələrindən biridir".

https://report.az/energetika/sahib-memmedov-azerbaycanin-avropanin-enerji-techizatcisina-cevrilmesi-ucun-tarixi-sehife-acilib/