Moldova Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin nəqlini nəzərdə tutan “Həmrəylik Halqası”na qoşulmaqda maraqlıdır.
Bunu Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.
"Apreldə bir sıra ölkələri birləşdirən “Həmrəylik Halqası” haqqında memorandum imzalanıb. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə növbəti töhfəsidir. Belə bir layihə enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək və biz ona qoşulmaq istərdik”, - deyə Konstantin Borosan bildirib.
Konstantin Borosan qeyd edib ki, Moldova Avropa bazarlarından təbii qaz almaqla çox qısa müddətdə çətin bir yol keçməli olub.
"ABŞ, Aİ, eləcə də Rumıniyanın dəstəyi sayəsində biz indi Avropa bazarından təbii qaz alırıq. Təbii ki, bunlar qısamüddətli layihələrdir və biz daha uzun müddətə, bir neçə il müddətinə müqavilələr bağlamaq istərdik. Biz əvvəllər də Azərbaycandan təbii qaz almaqda maraqlı olduğumuzu bildirmişdik və ümid edirik ki, bu, mümkün olacaq”, - deyə o bildirib.
Xatırladaq ki, aprelin 25-də Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Qeyd edək ki, Anlaşma Memorandumu Avropaya əlavə qaz tədarükü üçün qaz nəqli sistemlərinin dörd operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik Halqası” adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemlər şəbəkəsi vasitəsilə həyata keçiriləcək.
https://az.trend.az/business/energy/3763285.html