Azərbaycanın Vişeqrad dördlüyü ölkələri (Çexiya, Macarıstan, Polşa və Slovakiya) ilə səmərəli əməkdaşlığı son illərdə müşahidə olunan enerji böhranının həllində yaxşı nəticələr verəcək.
Bunu Azərbaycan Dövlət Neft-Qaz Şirkətinin (SOCAR) Beynəlxalq əlaqələr şöbəsinin rəisi Əli Şahbazov "Vişeqrad ölkələri və Azərbaycan" mövzusunda keçirilən beynəlxalq seminarda deyib.
Ə.Şahbazov hazırda Azərbaycanın bərpa olunan enerji mənbələri - külək, günəş və “yaşıl enerji”nin digər növləri baxımından böyük potensiala malik olduğunu əlavə edib.
Onun sözlərinə görə, hazırda təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil: "Biz 20 ildən artıqdır ki, xam neft tədarükü baxımından Avropanın etibarlı tərəfdaşıyıq".
Qeyd edək ki, “Vişeqrad dördlüyü” 1991-ci il fevralın 15-də Macarıstanın Vişeqrad şəhərində sözügedən ölkələrin regional işbirliyi və Avropa İttifaqına üzvlük yolunda addımlarını əlaqələndirmək məqsədilə təsis edilib.
https://report.az/energetika/eli-sahbazov-azerbaycanin-viseqrad-olkeleri-ile-emekdasligi-enerji-bohraninin-hellinde-yaxsi-neticeler-verecek/