XƏBƏRLƏR

Azərbaycanın “yaşıl enerjisi”nə yatırım edənlər özünü isbat etmiş şirkətlərdir

İYUL 04, 2023

Energetika nazirinin müavini Elnur Soltanov ölkəmizdəki bərpa olunan enerji layihələri, Naxçıvan MR-da həyata keçirilən islahatlardan danışıb:

- Elnur müəllim, bir müddət öncə Prezident İlham Əliyev “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqramda muxtar respublikada digər sahələrlə yanaşı energetika sahəsində də islahatların aparılması qarşıya məqsəd kimi qoyulub. Hazırda adıçəkilən sənədin bu bəndinin icrası ilə bağlı hansı işlər görülür?
- Cənab Prezident Naxçıvanı da “Yaşıl enerji” zonası elan edib və biz bu sahədə texniki tapşırıq hazırlayırıq. Bütün detallar araşdırıldıqdan sonra məsləhətçi şirkət cəlb ediləcək. “Yaşıl enerji” zonası ilə bağlı ümumi təkliflər olacaq və həyata keçiriləcək. Eyni zamanda, İşçi Qrupu yaradılıb və biz bunu iki mərhələyə bölmüşük. Uzun dönəmdə “Yaşıl enerji” zonası və qısa dönəmdə təcili, təxirəsalınmaz tədbirlər. İşçi Qrupu da Naxçıvanda təcili və təxirəsalınmaz işlər nədirsə onunla bağlı təkliflər irəli sürüb. Tender və bu kimi digər məsələlər “Dövlət satınalmaları haqqında” qanunun və başqa qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçiriləcək. 

- Naxçıvanın bərpa olunan enerji potensialı təxminən nə qədərdi?
- Biz Naxçıvanın texniki potensialını QVt dəyərləndiririk. Texniki potensial o deməkdir ki, infrastruktur, əkin sahələri və başqa məsələlər nəzərə alınmalıdır. Ona görə də texniki potensial yavaş-yavaş azalır. Amma biz inanırıq ki, orada ən azı 1 500 MVt potensialımız var. Bu isə kifayət qədər böyük rəqəmdir. Bilirsiniz ki, Naxçıvanın orta enerji istehlakı 60 MVt-dır.

- Oktyabrda işğaldan azad edilmiş ərazilərdə inşa edilən 230 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasında ilk elektrik enerjisinin istehsalı baş tutacaq. Bu enerji ixraca, yoxsa daxili istehsala yönəldiləcək?
- Bilirsiniz ki, bu enerjini “Azərenerji” ASC alır. Amma onun hansı hissəsinin ixraca, hansı hissəsinin də daxili bazara yönəldəcəyi təsərrüfat, balanslaşdırma məsələsidir və həmin qurumun öz təqdirindədir. Amma, biz istərdik ki, elektrik enerjisi ixracı getdikcə “yaşıllaşsın”. Əgər “yaşıllaşma” artırsa Avropa bazarında ona həm öncəlik verilir, həm də onun ixracında qiymət baxımından əlavə artımlar əldə etmək olur. BP-nin Cəbrayılda əldə edəcəyi enerjini biz almayacağıq. Şirkət həmin elektrik enerjisini Səngəçala özü transfer edəcək. Yəni belə bir uğurlu modelimiz var. Dövlətin o enerjini almaq kimi öhdəliyi yoxdur. Sadəcə bir yerdən alınan enerji başqa yerə nəql ediləcək və buradan hamımız qazanacağıq. Nəticədə gələcəkdə də Avropanın tətbiq etdiyi bəzi vergilərdən də azad olacağıq.

- Xəzər dənizində də bərpa olunan enerji üzrə araşdırmalar aparılırdı. Bununla bağlı hansı yeniliklər var?- Bilirsiniz ki, hazırda ölkə üzrə təxminən 30 QVt-a yaxın gücdə “yaşıl enerji” layihələri üzrə müqavilələr imzalanıb. Onun çox əhəmiyyətli hissəsi Xəzər dənizinin payına düşür, təxminən 10 QVt-lıq gücdən söhbət gedir.

https://report.az/energetika/elnur-soltanov-azerbaycanin-yasil-enerjisi-ne-yatirim-edenler-ozunu-isbat-etmis-sirketlerdir/

- Xəzərdəki bu müqavilələr tədqiqat, araşdırma mərhələsi üçündür. Bəs praktik işlərə nə zaman keçiləcək?
- Bu vaxt aparan prosesdir. Ümumiyyətlə, enerji layihələri elədir ki, tikinti prosesi qərar verildikdən sonra 2 ilə qədər çəkir. Amma qərarvermə prosesində birinci bu layihənin inşa edilməsi üçün yer ayrılmalıdır, həmin yerdə konkret dəyərləndirilmələr aparılmalıdır. O dəyərləndirilmədən sonra təklif verilməlidir, təklifdən sonra müqavilə imzalanmalı və onlar işə başlamalıdır. Ona görə də haradan baxsaq enerji layihələrinin sıfırdan etibarən ərsəyə gəlməsi 4-5 il vaxt alır. Amma Xəzərdə bu rəqəm nə qədər olacaq onu bilmirəm.
Bizdə “Masdar”la olan günəş elektrik enerjisi layihəsi daha sürətlə gedir. Günəş enerjisi layihələri adətən külək enerjisi layihələrinə nisbətən daha sürətli olur. Təkcə külək enerjisi ilə bağlı ərazidə minimum 1 il ölçü işləri aparılmalıdır. Bu isə əlbəttə sürətə təsir edir.

- Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya yatırmaq istəyən bir sıra xarici şirkətlər tariflərlə bağlı məsələlərdə tərəddüd edirlər. Bu baxımdan bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisinin qiymətlərinə yenidən baxılması mümkündürmü?
-Tarif dedikdə, şirkətlər təkliflər edir və ən yaxşı təkliflər seçilir. Təbii ki, seçim zamanı Azərbaycanın ümumi iqtisadi maraqlarına cavab verən layihələr varsa, biz onları qəbul edirik. Qanunvericilik də buna imkan verir. Belə ki, zəmanətli bərpaolunan enerji tarifləri var və bu çərçivədə işlərimiz davam edir. BP və “Masdar” artıq layihələr icra edir. Tezliklə digər layihələrdən də məlumatımız olacaq.

- Bəzən belə iddialar səslənir ki, Azərbaycanın bərpa olunan enerji sektoruna yalnız ərəblər investisiya yatırmaqda maraqlıdır, Qərb şirkətləri bu sahəyə sərmayə qoymaqda maraqsızdır. Bu iddialar nə qədər doğrudur?
- Bizim heç bir belə seçimimiz yoxdur. Azərbaycana investisiya yatıran şirkətlər dünya şirkətləridir. Biz onlara ərəb, ingilis, fransız şirkətləri kimi baxmırıq. Onlar qlobal olaraq iş görən və özünü isbat etmiş şirkətlərdir. Digər tərəfdən də nəzərə alın ki, müqavilə bağladığımız şirkətlər arasında Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti, Böyük Britaniyanın BP, Fransanın “Total” şirkətləri var. Yəni bu bir daha göstərir ki, hansısa şirkətə siyasi seçim göstərilmir. Bizim üçün yeganə faktor keyfiyyət və qlobal sahədə iş görmək qabiliyyətidir. Yəni Azərbaycanın maraqlarına uyğun təklif verilən şirkət sonda seçilmiş olur.

https://report.az/energetika/elnur-soltanov-azerbaycanin-yasil-enerjisi-ne-yatirim-edenler-ozunu-isbat-etmis-sirketlerdir/