Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) ötürücülük qabiliyyətini artırmaq üçün bu qaz nəqli sisteminin operatoru olan ICGB şirkəti bazar tələbinin qiymətləndirilməsi prosesinə başlayır, proses iki əsas mərhələdə həyata keçiriləcək.
Proses Bolqarıstanın “Bulgartransgaz” və Yunanıstanın DESFA qaz nəqli sistemlərinin operatorları, həmçinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. Məqsəd, Yunanıstan-Bolqarıstan interkonnektorunun mövcud texniki imkanlarının və onun ötürücülük həcminin artırılmasının zəruriliyinin nə dərəcədə əsaslı olub-olmadığını müəyyən etməkdir.
İyulun 3-də ICGB prosesin birinci mərhələsinə start verib. Bu mərhələdə bütün maraqlı tərəflər avqustun 28-dən gec olmayaraq tələblərini təqdim etməyə dəvət olunur.
ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və Corc Satlasın sözlərinə görə, şirkət hələ də bu prosesi optimallaşdırmaq və əlavə güclərin təklifi imkanlarını araşdırır. Bu, birgə proses olduğundan əlaqəli şəbəkələrin operatorları ilə müntəzəm müzakirələr aparılacaq.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
https://report.az/energetika/icgb-yunanistan-bolqaristan-interkonnektorunun-genislendirilmesi-imkanlarini-arasdiracaq/