XƏBƏRLƏR

Ekspert: “Yeni qaz yataqlarının işlənməsi Azərbaycana yeni Avropa bazarlarına çıxmağa imkan verəcək”

İYUL 11, 2023

"Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının istismara verilməsi Azərbaycanın hasilat sektoru üçün yeni investisiya imkanları yaratmaqla yanaşı, həm də ölkənin enerji təhlükəsizliyini yaxşılaşdırır və enerji daşıyıcılarının ixracı üçün yeni bazarlara yol açır".

Bunu energetika üzrə ekspert, London Biznes və Hüquq Məktəbinin Neft və qazın idarə edilməsi proqramının direktoru Slavomir Raşevski deyib.

Onun sözlərinə görə, “Abşeron”da qaz hasilatının başlanması Azərbaycan qazının Avropaya ixrac həcminin artmasına kömək edəcək.

"Bərpa olunan enerji mənbələrinin normaya çevrildiyi və enerji balansının şaxələndirilməsinə töhfə verdiyi bir zamanda ənənəvi enerjidaşıyıcıların istehsalı davam edəcək - tələbat artacaq. Yeni layihə həm sənaye, həm də istehlakçılar tərəfindən müsbət qarşılanır. Mövcud infrastrukturu nəzərə alsaq, ölkənin siyasətinə uyğun olaraq, Azərbaycan qazının Avropaya ixracının daha da artacağını gözləmək olar. Cənub Qaz Dəhlizinin əsas qaz kəmərləri ötürücülük qabiliyyətindən və genişlənmə zərurətindən asılı olaraq, çox güman ki, növbəti illərdə ixracı artıra biləcək”, - ekspert bildirib.

S.Raşevskinin sözlərinə görə, yeni geosiyasi şəraitdə alternativ “mavi yanacaq” təchizatçısı kimi Azərbaycanın rolu daha da artacaq.

Ekspert qeyd edib ki, Azərbaycan bərpa olunan enerji mənbələri, o cümlədən günəş, külək və geotermal, o cümlədən hidroenergetika sahəsində də böyük potensiala malikdir.

“Bu gün bərpa olunan mənbələr arasında hidroenergetika mühüm yer tutur və yaxın illərdə onun əhəmiyyəti daha da artacaq. Bundan başqa, Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan bu bölgədə əlavə su elektrik stansiyalarının tikintisinə başlayıb ki, bu da bərpa olunan enerji növlərinin istehsalı üçün imkanları artıracaq”, - o əlavə edib.

Sonda ekspert onu da vurğulayıb ki, Azərbaycanda “yaşıl” iqtisadiyyata keçid tendensiyası davam edəcək, bu isə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə və bərpa olunan enerji mənbələrinə investisiyaların cəlbediciliyinin artırılmasına töhfə verəcək.

https://report.az/energetika/ekspert-yeni-qaz-yataqlarinin-islenmesi-azerbaycana-yeni-avropa-bazarlarina-cixmaga-imkan-verecek/