“Abşeron” qaz yatağının sənaye istismarına verilməsi həm regionun, həm də Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bunu açıqlamasında “Abşeron” yatağından ilk təbii qazın alınmasını şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
“Abşeron” yatağı ehtiyatına görə “Şahdəniz”dən sonra Azərbaycanın Xəzər regionunda ən zəngin qaz-kondensat yataqlarından biridir. Təbii ki, indiki geosiyasi narahatlıq fonunda, həm neft, həm də qaz xətlərinin xəritəsinin yenidən cızıldığı, enerji bazarlarının yenidən qurulduğu bir dönəmdə yeni bir yatağın kommersiya hasilatına başlanması həm regionun, həm də bizim əsas qaz ixracında strateji tərəfdaşlarımızdan olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından mühüm hadisədir. Çünki Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkənin karbohidrogen yanacaqlarına qoyulan qadağalar əsasən Avropanın, bütövlükdə isə dünyanın enerji təhlükəsizliyində çox ciddi problem yaradıb. Bunun da nəticələrini keçən ilin fevralından sonra gördük. Avropa və digər regionlardakı ölkələr dərin enerji böhranı ilə üzləşdilər. “Abşeron” qaz-kondensat yatağında "Mərhələ 1" layihəsi çərçivəsində ilkin hasilat işinin başlanması təbii ki, Azərbaycanın da enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Çünki Ukrayna ətrafında baş verən hadisələrdən sonra hazırda dünyanın bütün ölkələrində ən ümdə məsələ enerji müstəqilliyi və enerji təhlükəsizliyi məsələsidir", - deyə o qeyd edib.
"Təbii qaz yaxın və uzaq perspektivdə əsas enerji mənbələrindən biri kimi dəyərləndirilir. Əgər ötən ilin fevralına kimi təbii qaza yeni enerji keçidi ilə bağlı aralıq yanacaq kimi yanaşılırdısa indi isə əksinə ona gələcəyin yanacağı kimi baxılır. Yəni hansı ölkənin təbii qaz ehtiyatları çoxdursa, onun beynəlxalq ixrac imkanları genişdirsə o dövlətlərin beynəlxalq səviyyədə təsir imkanları da artır. Biz beynəlxalq bazarlara böyük həcmdə təbii qaz ixrac etsək də, bəzən müəyyən mövsümlə əlaqədar qonşu ölkələrdən kvota əsasında idxal da edirik. Bu da müəyyən maliyyə vəsaitlərinin sərf edilməsidir. Ona görə "Abşeron” yatağının istismara verilməsi Azərbaycanın uzun dövrü əhatə edən dayanıqlı enerji təhlükəziliyinin təmin edilməsində mühüm rol oynayacaq", - deyə ekspert əlavə edib.
"Yatağın çıxarıla bilən ehtiyatları 350 milyard kubmetrdir. Həmçinin 40 milyon tondan yuxarı yüngül kondensat var. Hər iki yanacaq növü dünya bazarında kifayət qədər tələb olan enerji daşıyıcılarından hesab edilir. I mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Hazırda gündəlik 4 milyon kubmetr təbii qaz, 12 min ton qaz kondensatı hasil edilir. II mərhələdə isə illik hasilat 5 milyard kubetrə çatdırılacaq. 30 il müddətində ildə 1,5 milyard kubmetr, ümumilikdə 45 milyard kubmetr Azərbaycanın daxili tələbatına, yerdə qalan 300 milyard kubmetr isə xarici bazarlarda müştərilərə təqdim ediləcək. Bu isə həm Azərbaycanın beynəlxalq təsir imkanlarını genişləndirəcək, həm də ölkənin valyuta ehtiyatlarının artmasında yaxud sabit qalmasında köməklik göstərəcək. Çünki qarşıdakı illərdə təbii qaz qiymətləri kifayət qədər yüksək olacaq”, - deyə Z.Vəliyev fikrini tamamlayıb.
https://report.az/energetika/ekspert-abseron-yatagindan-qaz-hasilati-azerbaycanin-ve-avropanin-enerji-tehlukesizliyi-ucun-muhumdur/