Ənənəvi enerji sahəsində beynəlxalq əhəmiyyətə malik, uğurla icra edilmiş irimiqyaslı layihələrin ardınca, Azərbaycan "yaşıl" enerjinin mühüm təchizatçısına çevrilmək niyyətilə irəliyə doğrü addımlayır.
O cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin icrası, həmçinin Qarabağda və Şərqi Zəngəzurda "yaşıl" enerji zonasının yaradılması Azərbaycana alternativ enerjinin istehsalçısına və ixracçısına çevrilməyə imkan verəcək.
Azərbaycan bərpa olunan enerjinin regional mərkəzinə çevrilə bilər. Belə ki, Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı"nın (ESMAP) təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 qiqavat olaraq qiymətləndirilir ki, bu da hazırda müəyyən edilmiş təqribən 8 qiqavatla müqayisədə böyük göstəricidir. Dənizdə külək enerjisinin inkişafı enerji sektorunda rəqabəti yaxşılaşdırmağa, əsas infrastrukturu möhkəmləndirməyə və iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək edəcək. Azərbaycan dənizdə külək enerjisinin inkişafında özünün infrastruktur, avadanlıq, bilik və işçi qüvvəsindən istifadə edə bilər.
Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc olunmuş dənizdə külək enerjisinin yol xəritəsinə əsasən, Azərbaycan 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 qiqavat olan külək elektrik stansiyası inşa etmək potensialına malikdir. Bu 69 min insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard dollaradək ümumi əlavə dəyəri təmin edə bilər.
Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən aparılan tədqiqat Azərbaycanda ekoloji təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiqləyib.
Qeyd etmək lazımdır ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafında beynəlxalq səviyyədə böyük dəstək görür.
Artıq xarici tərəfdaşlarla bir sıra müqavilələr imzalanıb. "Masdar", "ACWA Power", "bp" kimi şirkətlərlə müqavilələr, həmçinin Avstraliyanın " Fortescue Future Industries" şirkəti ilə 12 qiqavat gücündə enerji üzrə saziş Avropaya enerji resurslarının tədarükü baxımından strateji əhəmiyyətə malikdir.
İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, xarici şirkətlər artıq bərpa olunan enerji mənbələri sahəsində bir neçə investisiya layihəsinə start veriblər.
"Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir", - dövlət başçısı deyib.
Əlbəttə, Azərbaycandan "yaşıl" enerji satışının əsas bazarı Avropadır və artıq konkret layihə çərçivəsində bərpa olunan enerji mənbələrindən enerji tədarükü həyata keçiriləcək. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutur. Əldə edilən saziş çərçivəsində min meqavat gücə malik və 1195 km uzunluğunda Black Sea Energy sualtı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda istehsal edilən "yaşıl" elektrik enerjisinin Gürcüstan və Rumıniyada Qara dəniz vasitəsilə Macarıstana və Avropanın digər hissələrinə ötürülməsini nəzərdə tutur. Bu, "yaşıl" enerji tədarüklərini dörd qiqavata çatdırmağa imkan verəcək.
Azərbaycan alternativ enerjinin inkişafı üzrə beynəlxalq institutlarla fəal əməkdaşlıq edir. Bu baxımdan qeyd etmək lazımdır ki, Avropa Yenidənqurma və İnkişaf Bankının hazırki strategiyası Azərbaycana iqtisadiyyatın diversifikasiyasında yardım etməyə, habelə gələcəkdə maliyyə vasitələrinə çıxış imkanının genişləndirilməsinə və "yaşıl" iqtisadiyyatın dəstəklənməsinə yönəlib. Azərbaycan və AYİB Gəncə üzrə iki saziş imzalayıb. Bu sazişlər şəhərə bərk tullantıların idarə olunmasında köməklik göstərilməsini, habelə küçə işıqlandırması layihəsinin köməyilə enerjidən səmərəli istifadəyə şərait yaratmağı nəzərdə tutur.
Bundan başqa, AYİB Azərbaycanda dekarbonizasiya proqramını dəstəkləmək məqsədilə Qaradağda irimiqyaslı günəş elektrik stansiyasının inşası üzrə ilk layihəni birgə maliyyələşdirib. Bank korporativ sektorda Ələtdə enerji baxımından səmərəli soyuducu anbarın inşasını və Salyan şəhərində kənd təsərrüfatı istehsalçılarının "yaşıl" eneriyə keçidini maliyyələşdirib.
Avropa İnvestisiya Bankı həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. Bank üçün mühüm prioritet kəsb edən iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri ilə yanaşı, "EIB Global"ın fəaliyyəti müxtəlif prioritet sahələrdə, o cümlədən innovasiya, rəqəmsal və insan kapitalı, kiçik və orta biznes, dayanıqlı şəhər və bölgələr, habelə dayanıqlı enerji və təbii resurslar üzrə fokuslanıb.
Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) aşağı karbonlu texnologiyaların tətbiqi, o cümlədən karbon qazının tutulması və saxlanması (CCS) və karbon dioksidin tutulması, istifadəsi və saxlanması (CCUS) texnologiyaları, həmçinin hidrogen, ammonyakla bağlı layihələr üzrə məlumat mübadiləsi yolu ilə əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər.
Beləliklə, Azərbaycan fəal şəkildə enerji diplomatiyasını davam etdirir və energetika sahəsində meqa layihələri uğurla həyata keçirir.
Azərbaycan xarici tərəfdaşlarla bir sıra mühüm saziləri icra etməklə Avropa bazarına "yaşıl" elektrik enerjisinin tədarükündə həlledici mövqe tutur. Bu nəinki regionda enerji mənbələrinin diversifikasiyasına imkan yaradır, həm də Avropa ölkələri ilə iqtisadi və enerji tərəfdaşlığını möhkəmləndirir.
Azərbaycan bərpa olunan enerji istehsalı üzrə imkanlarını daima inkişaf edərək genişləndirməklə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmağa çalışır. Bu ölkənin dayanıqlı və ekoloji baxımdan təmiz enerjiyə mühüm töhfə verməkdə niyyətinin ciddi olduğunu göstərir. Belə ki, bu gələcəkdə karbon tullantılarının azalmasına və daha dayanıqlı inkişafa şərait yaradacaq.
Azərbaycan külək elektrik stansiyası və hidrogendən bərpa olunan enerji kimi alternativ enerji mənbələrinin inkişafını prioritet müəyyən etməklə region ölkələri və regionun hüdudlarındakı ölkələr üçün stabil və etibarlı tədarükləri təmin edəcək. Bu isə Avrasiyanın enerji xəritəsinin mühüm transformasiyasını əks etdirməklə enerji sahəsində əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır.
https://az.trend.az/business/energy/3776063.html