Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Avropaya ötürülməsi üçün birgə müəssisə yaradır.
Bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib. O qeyd edib ki, bununla bağlı Buxarestdə Anlaşma Memorandumu imzalanıb.
"Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq", - P.Şahbazov yazıb.
Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub.
https://az.trend.az/business/energy/3776958.html