İspaniyanın “Enagas” enerji şirkəti İsveçrənin enerji şirkəti olan “Axpo”nun "Trans Adriatic Pipeline AG" (TAP) konsorsiumundakı 4 %-lik payının satınalması ilə bağlı müqavilənin icrasını tamamlayıb.
Bununla da, “Enagas”, TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq.
“Enagas” TAP-dakı payının artırılmasının 2023-cü ildə təxminən 70 milyon avro dividend əldə etməyə imkan verəcəyini bəyan edib.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 25,8 milyard kubmetr qaz nəql edilib ki, bunun da 21,6 milyard kubmetri İtaliyaya olub.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
https://report.az/energetika/enagas-tap-da-payinin-artirilmasi-uzre-muqavilenin-icrasini-tamamlayib/